Azərbaycan vətəndaşları nə vaxtdan Türkiyəyə vizasız səyahət edə bilərlər?

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə vizasız səyahətlərin icazə veriləcəyi tarixi açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan Respublikasının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizadan azad şəkildə səyahət etmək imkanına 1 aprel tarixindən malik olacaqlar.

https://platform.twitter.com/widgets.js

Yuxarıda sadalanan etibarlı sərhədkeçmə sənədlərinə malik olan Azərbaycan Respublikasının vətəndaşları Türkiyə Respublikasının ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan (90) gün müddətinə viza tələbindən azad edilirlər.

Türkiyə Respublikasının ərazisindən üçüncü ölkələrə və üçüncü ölkələrdən Türkiyə Respublikasının ərazisinə daxil olmaq üçün Azərbaycan Respublikasının vətəndaşları tərəfindən pasportların istifadə olunması məcburidir. 

Bu mənada, Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi yalnız Azərbaycan Respublikasının ərazisindən Türkiyə Respublikasına birbaşa səyahətlər üçün istifadə ediləcəkdir.

Həmçinin, Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi, eləcə də yuxarıda qeyd olunan digər sərhədkeçmə sənədləri Türkiyə Respublikasının ərazisinə giriş tarixindən etibarən ən az otuz (30) gün etibarlılıq müddətinə malik olmalıdır.

​Eyni zamanda, Türkiyə Respublikasının ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı altmış (60) gün daha çox etibarlı olan pasport ilə müraciət etməlidirlər.

Azərbaycan Respublikası tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunmasına dair müqaviləni qardaş Türkiyə Respublikası ilə imzalayıb. Bu, ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq və yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinin bariz təcəssümüdür.

Leave a Reply