Sürücülər üçün əhəmiyyətli qanun dəyişiklikləri edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Trend-in verdiyi məlumata əsasən, dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.

Bu qaydanı nəzərdə tutan layihənin 4.2-ci maddəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası ilə eyni gündə qüvvəyə minir.

Bununla yanaşı, Azərbaycanda dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə ləğv edilib.

Qeyd edilən məsələ Milli Məclisin yaz sessiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, məcəlləyə yeni qeyd əlavə edilir. Həmin qeydə əsasən, şəxs bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

346-cı maddə dayanma və ya durma qaydalarının pozulmasını əks etdirir və buna görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulur.

Dəyşikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Leave a Reply