Yediyiniz pendirin və ya yağın avtomobil təmiri sexində hazırlandığını düşünə bilərsiniz? – FOTO

İmişli rayonunda fəaliyyət göstərən sahibkar avtomobil təmiri sexinin pendir və yağ istehsalı üçün uyğun yer hesab edib.

TIME Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən bildirir ki, qurumun əməkdaşları tərəfindən İmişli rayonu ərazisində “Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun sol kənarı R11” ünvanında pendir və yağ istehsalı müəssisəsinə baxış keçirilib. İlkin baxış zamanı müəssisənin avtomobil təmiri sexində baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına, eləcə də qüvvədə olan hüquqi normativ aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə pendir və yağ məhsullarının heç bir laborator müayinəyə cəlb edilmədən, soyuq zəncir rejiminə əməl olunmadan və üzərində etiketləşdirmə aparılmadan istehsal olunduğu aşkarlanıb.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam edir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Leave a Reply