Pozitiv valideynlik nədir?

Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) 2020-ci il ərzində Ağdam, Bərdə və Mingəçevirdə yaşayan valideynlər üçün reallaşdırdığı və 2021-ci il üçün də davam etdirməyi nəzərdə tutduğu Pozitiv Valideynlik seminarları davam edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, uşaqlar öz dünyalarını valideynləri və ya onların qayğısına qalan digərləri ilə ünsiyyətdə kəşf edirlər. Valideynlər övladları və ümumilikdə ailə üçün sağlam və xoş münasibətin formalaşdırılmasında əvəzsiz rola malikdirlər. 

“Xatırlayırsınızmı? Mən qızımla bağlı narahatlığımı sizinlə paylaşmışdım. O, bütün gün boyu sakit qalır və onunla danışmağa çalışanda heç bir reaksiya göstərmirdi. Mütəxəssislərin seminar zamanı verdiyi tövsiyələr sayəsində biz bu çətinliyin öhdəsindən gələ bildik. Qızımla ətraflı söhbət etdik- mən onun bu davranışının səbəblərini öyrənmək üçün qızımı diqqətlə dinlədim. Başa düşdüm ki, sən demə, qızımın sadəcə diqqət və nəzakətli ünsiyyətə ehtiyacı var imiş. İndi onunla daha mehriban və təmkinlə rəftar edirəm. Gün ərzində onu bir neçə dəfə “Mənim gözəl, ağıllı qızım”-deyə çağırıram. İnanın ki, tövsiyə etdiyiniz metodlar olduqca gözəl idi! (təbəssümlə). İndi hər ikimiz- qızım və mən daha xoşbəxtik.” – Ağdamdan olan seminar iştirakçılarından biri olan Aytən Mirzəyevanın topladığı təcrübəni beş gün tətbiq etdikdən sonrakı təəssüratları ilə bölüşüb.

COVİD-19 virusu və müharibə bir çox ailələrdə valideynlər və uşaqlar arasında yüksək stresin yaranmasına səbəb oldu. Belə ailələr mütəxəssis dəstəyinə ehtiyac hiss edir.

Bu baxımdan, Pozitiv Valideynlik seminarları uşaqlar, valideynlər və uşaqların rifahı üçün çalışan ekspertlər üçün əhəmiyyətli mübadilə platformasıdır.

“Oğlum gecələr tez-tez qorxur və yuxu ilə bağlı problemləri var. O, öz otağında sərbəst yata bilmir. Oğluma necə kömək ola bilərəm?” – Bu sualı seminar zamanı Çiçək Mirzəyeva adlı valideyn ünvanlamışdı.

Bir həftə sonra – “Yuxu rejimi mövzusu mənim diqqətimi çox çəkdi. Öyrəndiyim bəzi metodları tədbiq etmək qərarına gəldim. Hər axşam biz oğlumla yatmazdan əvvəl kitab oxuyur, ya da söhbət edirik. Nəticə inanılmazdır. O, tədricən rahat yuxuya getməyi öyrənir. Təşəkkür edirəm”.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ)-in maliyyə dəstəyi ilə ötən ilin dekabr ayı ərzində Ağdam, Bərdə və Mingəçevirdən olan 60-dan çox valideyn onlayn keçirilən seminarlardan yararlanıb.

Pozitiv Valideynlik seminarı inklüziv proqram əsasında təşkil olunub. Belə ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinə də seminar zamanı mütəxəssislər tərəfindən birbaşa dəstək göstərilir.  

“Xüsusi qayğıya ehtiyacı olan uşaqlarımıza xoşbəxtlik bəxş etmək üçün ilk növbədə, biz özümüz pozitiv olmalıyıq”.  Elnarə Nizamlının anası Nübar Nizamova.

Pozitiv valideynlik haqqında ətraflı məlumat almaq üçün www.pozitiveailem.az saytına daxil ola bilərsiniz. 

Diqqətinizə çatdırmaq istərdik ki, Pozitiv Valideynlik seminarlarının 2021-ci il ərzində də davam etdirilməsi planlaşdırılır. Seminarlar ödənişsiz əsaslarla keçirilir. İştirak etmək istədiyiniz halda sıradakı linkə daxil olub, qeydiyyat formasını doldura bilərsiniz: https://forms.gle/Zcp2p7Bhx8Crf1Yw7

Əlavə suallarınız ilə bağlı (012) 497 25 19 şəhər nömrəsinə zəng edə və ya office@uafa.az ünvanına e-mail yollaya bilərsiniz.

Leave a Reply