Əhalinin həssas qruplarına yeni elektron xidmətlər və arayışlar təqdim ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı proaktiv xidmətlər də daxil olmaqla, növbəti elektron yeniliklərinin təqdimatını edib.

TIME rəsmi mənbəyə istinadən bildirir, nazirliyin elektronlaşma proqramının icrasında həssas qruplar, şəhid ailələri ilə bağlı xidmətlərin elektronlaşdırılması diqqətdə saxlanılır. Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov qeyd edib ki, bu gün daha 4 proaktiv xidmət, 2 elektron xidmət və 5 e-arayış xidməti təqdim edilir.

Yeni 4 proaktiv xidmət aşağıdakılardır:

  • Milli Qəhrəmana və ya ailə üzvlərinə müavinət və təqaüdlərin təyin edilməsi;
  • Şəhid ailəsi üzvlərinə müavinət və təqaüdlərin təyin edilməsi;
  • Məcburi dövlət sosial sığorta haqları hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin verilməsi;
  • Sığortaolunanın ölümünə dair məlumatın təqdim edilməsi xidməti;

Yeni 2 e-xidmət isə bunlardır:

  • Dövlət sosial sığorta sistemində xüsusi hesabın aktivləşdirilməsi;
  • Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu elektron xidməti.

Yeni 5 e-arayış xidməti:

  • Milli Qəhrəman ailə üzvü olması barədə;
  • Şəhid ailə üzvü olması barədə;
  • Əmək veteranı olması barədə;
  • Fəxri adının olması barədə;
  • Övladlığagötürmə barədə.

Nazirlik bildirib ki, e-sosial internet portalının imkan və funksionallıqları daim genişləndirilir. Bu sahədə daha bir addım kimi, portalda reyestr və arayışların tərkibinə Milli Qəhrəmanların, onların ailə üzvlərinin, şəhidlərin və onların ailə üzvlərinin, əmək veteranlarının, fəxri ad və fərdi təqaüd alanların, I qrup əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edən şəxslərin, sosial tərəfdaşlar tərəfindən edilmiş yardımların reyestrləri də əlavə edilib.

Beləliklə, Nazirlik üzrə e-xidmətlərin sayı 58-ə çatır ki, onlardan, 31-i proaktivdir, e-arayış xidmətlərinin sayı isə 20-yə çatır.

Leave a Reply