Təhsil Nazirliyi gələn həftədən X – XI sinifləri əyani dərslərə cəlb edəcək

19 oktyabr tarixindən X-XI sinif şagirdləri sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müvafiq şəhər və rayonlarda əyani formada tədrisə cəlb ediləcəklər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, növbəti müddətdə COVİD-19 pandemiyasının yayılması ilə bağlı məlumatlar təhlil olunaraq tədris prosesinin gedişatı barədə ictimaiyyətə  əlavə məlumat veriləcək.

Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində COVİD-19-a  yoluxmaların monitorinqi gündəlik olaraq aparılır. Müvafiq qurumların məlumatları əsasında bu günə qədər ölkə üzrə 55 sinif və 30 təhsil müəssisəsi distant tədrisə keçirilib.

 “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, 15 oktyabr tarixindən etibarən ümumi təhsilin tam orta təhsil səviyyəsi (X – XI siniflər) üzrə şagirdlərin əyani formada tədrisə başlaması nəzərdə tutulub.

Qeyd edək ki, hazırda ölkədə internetə tətbiq edilən məhdudiyyətlərə görə onlayn tədris prosesi dayandırılıb.

Nazirlər Kabinetinin Operativ qərargahının verdiyi məlumata əsasən, bu günə olan statistika göstərir ki, ölkə üzrə koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 43 280 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib, aktiv xəstə sayı 2 990 nəfərdir.

Ölkədə son sutka ərzində 8 054, hazırkı dövrədək isə 1 201 924 test aparılıb.

Leave a Reply