İsveç Krallığının Bakıdakı səfirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə əməkdaşlığı çərçivəsində İsveç film günlərinə start verilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının yaydığı məlumaa əsasən, İsveç filmləri noyabr ayı boyunca, hər həftənin Çərşənbə axşamı günü saat 19.00-da orijinal dildə, azərbaycanca altyazılarla “Azərbaycan” CinemaPlus-da nümayiş olunacaq. Nümayişlərə giriş sərbəstdir.
Bütün filmlər CinemaPlus kinoteatrlar şəbəkəsinin Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə əməkdaşlığı çərçivəsində “Azərbaycan” CinemaPlus-da yuxarıda qeyd edilən gün və vaxtda nümayiş olunur.
İlk film rejissor Erik Poppenin “Emiqrantlar” tammetrajlı bədii filmi olub. “Emiqrantlar” filmi, ailəsi ilə birlikdə İsveçdən Amerikaya mühacirət edən Kristina Nilssonun həyatından bəhs edir. Yeni mühitə öyrəşməyə çətinlik çəkən qəhrəman yenidən başlamaq, özünü yenidən yaratmağın mümkünlüyünü sorğulayır. O, ömrü boyu bu suallara cavab axtarır. Uzun və çətin yelkənli gəmi səyahətindən sonra, nəhayət yeni dünyaya – Amerikaya çatırlar, bu, həm də onlar üçün yeni həyatın başlanğıcı olur.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas prioritet məsələlərindən biri də ölkəmizdə zövqlü və savadlı tamaşaçının yetişməsidir. Buna görə də il ərzində həm yerli, həm də xarici filmlərin nümayişini təşkil edir. Ötən ay “Visla” Polşa film festivalı ilə əməkdaşlıq çərçivəsində altı Polşa bədii filmi tamaşaçıların ixtiyarına verildi.