Milli M’clisin bu günki iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyin ikinci məsələsi olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında məlumat verib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, o, qeyd edib ki, bu qanunun icrası ilə əlaqədar 17 qanuna dəyişiklik təklif olunur. Dəyişikliklər ödəniş xidmətlərinin daha da təkmilləşdirilməsinə xidmət edir.
Belə ki, xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair tələbləri pozanlar 10 min manatadək cərimə ediləcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması) əlavə edilir.
Dəyişikliklə elektron pul təşkilatı, o cümlədən xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair qanunla müəyyən olunmuş tələblərin pozulmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək miqdarda, hüquqi şəxslər 7 000 manatdan 10 000 manatadək məbləğdə cərimə olunacaq.
Bu qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.