Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsil masası”nda dərliklərdə edilən dəyişikliklərlə bağlı suallara cavab verib
TIME bildirir ki, şöbə müdiri Facebook şəbəkəsində canlı yayında sualları cavablandırarkən gələn il hazırlanacaq 5-9-cu sinif dərslikləri üzərində işin başlanıldığını və may ayınadək başa çatacağını qeyd edib.
O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən dəyişilməsinə ehtiyac olan dərsliklər mütəmadi yenilənməlidir:
“Bu dərsliklərə tarix, coğrafiya fənləri daxildir. Həmçinin, kurikulum proqramında dəyişiklik olduğu üçün 5-6-cı siniflər üçün Təbiət dərsliyi hazırlanıb”.
V. Yaqublu qeyd edib ki, dərsliklər nəşriyyatlarda nazirliyin müqaviləsi əsasında hazırlanır. Nəşriyyatların seçdiyi müəlliflər qrupu dərsliyin layihəsini hazırlayır. Nazirliyin hər fənn üzrə ekspert qrupu layihə ilə tanış olur. Dövlər İmtahan Mərkəzinin ekspertizasından rəy alınır.
O bildirib ki, müvafiq elmi qurumlara, rayon təhsil idarələrinə dərsliklər göndərilir və rəylər toplanılır.
“Dərsliklər Tədris Resurslarının İdarə Olunması portalında ictimai müzakirəyə çıxarılır. Orada istifadədə olan dərsliklər elektron formada, həmçinin, yeni layihə dərsliklər yer alır. İctimai müzakirədə olan dərsliklər pəncərəsində istənilən şəxs rəyini yazıb göndərə bilər”, – o qeyd edib.
Dərsliklərin ağırlığından şikayət edən valideynlərin suallarını cavablandıraraq nazirlik rəsmisi qeyd edib ki, ibtidai sinif səviyyəsində dərsliklərdə texniki şərtlərə əsasən şriftin ölçüsü 14-16 arasında, ümumi və tam orta təhsildə 12-14 ölçü arasında olmalıdır.
“Dərsliklərin fiziki ağırlığının azaldılması üçün daha çox məlumatın yerləşdirilməsi məqsədilə şriftlərin ölçüsü kiçildilir. Bu əslində düzgün deyil və daha oğru olar ki, məzmun daha qısa və anlamlı formada təqdim edilsin”.