“Təhsil millətin gələcəyidir” adlı təqaüd layihəsinin sosial hesabat tədbiri keçirilib

Nizami kinoteatrında “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin “Təhsil millətin gələcəyidir” adlı təqaüd layihəsinin sosial hesabat tədbiri keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, millət vəkilləri, dövlət və özəl sektorlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbir çərçivəsində birlik üzvləri 8 il ərzində həyata keçirdikləri “Qutabdan kitaba”, “Perspektiv”, “Rəngarəng”, “Mülk” və s. sosial sahibkarlıq layihələri çərçivəsində və ianələr vasitəsi ilə topladıqları vəsaitlər hesabına təhsil almalarına dəstək göstərdiyi atasız uşaqlar haqda bəhs edib.

Təşkilatçılar Azərbaycanın II Qarabağ müharibəsinə qələbəsinə, Heydər Əliyevin 100-illiyinə və həyata keçirdikləri sosial layihələrə həsr edilmiş bir neçə videoçarxı və hesabat təqdimatlarını tədbir iştirakçılarına nümayiş etdilər.

Tədbirdə çıxış edən birliyin sədri Yeganə Mirzəyeva rəhbərlik etdiyi qurumun məqsədinin ataları dünyasını dəyişmiş uşaqlar və onların analarına – tənha, dul qadınlara- kömək etmək olduğunu bildirib.

“Mən düşünürəm ki, ən ülvi hiss mərhəmətdir. Bu gün biz bu qədər uşağa təhsil almağa kömək etməyi bacarmışıqsa deməli yardımsevər insanlar var və onlar çoxdur. Biz dəstək göstərdiyimiz uşaqlara əmanət deyirik, onlar bizə valideynlərindən əmanət olaraq qalıb”, – deyə o qeyd edib.

Daha sonra birliyin dəstəyi ilə bu il ali məktəblərə yüksək balla qəbul olunan “əmanətlərə” sertfikatlar təqdim edən qonaqlar onlara ürək sözlərini deyərək təbrik etdilər.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputatı Razi Nurullayev çıxış edərək təhsilə yönəldilən vəsaitin önəmindən bəhs etdi.

“Biz bu gün büdcə vəsaitlərini əhaliyə paylaya bilərik və ya müxtəlif qurumlara, buznesə yönəldə bilərik və bir müddət sonra bu vəsait xərclənib bitəcək. Lakin təhsilə xərclənən vəsait həmişə 4-5 qat daha böyük həcmdə qayıdır, çünki bu gənclərin hər birisi müəyyən nailiyyətlər əldə edəcək və Azərbaycanın fəxri olacaq”, – deyə o qeyd etdi.

Leave a Reply