Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə təhsil sisteminin aktual problemləri və onların həlli istiqamətində görüləcək tədbirlər haqda ətraflı məlumat verib.
TIME bildirir ki, nazir brifinqdə qeyd edib ki, Azərbaycanda tədrisi digər dillərdə olan məktəblərdə şagirdlərin yuxarı siniflərdə artıq ana dilində danışmaqda çətinlik çəkməli ilə bağlıdır.
“Problemin məktəblərdə, yoxsa təhsil proqramında olduğunu müəyyənləşdiririk. Növbəti tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq. Heç bir fənnin tədrisinə ikinci dərəcəli baxmaq olmaz. Azərbaycan dili fənninə isə heç olmaz”, – nazir deyib.
Bu məqsədlə nazirlik “Azərbaycan dili” fənni ilə yanaşı “Azərbaycan tarixi”, “Hərbi hazırlıq” kimi fənləri də Azərbaycan dilində keçirməyi düşünür və bu təcrübə tədrisi digər dillərdə olan 100 məktəbdə tətbiq ediləcək.
Bununla yanaşı, məktəblilərin diqqətini dərsdən yayındıran telefonların məktəbdə istifadəsi qadağasının şagirdin davranış qaydalarına rəsmi olaraq əlavə edilməsi məsələsi müzakirə olunur.
“Hazırda məktəbə telefon gətirməyi qadağa edən norma yoxdur. Məktəbin daxili qaydasında bu ola bilər. Bu ilin sonuna bir sıra davranış qaydaları tənzimlənməlidir. Telefon şagirdin əmlakıdır onu almaq harasa qoymaq üzərində düşünülür. Telefon qadağasını qayda olaraq rəsmiləşdirmək niyyətindəyik. Dərs zamanı telefon istifadəsi olmaz”,- deyə nazir əlavə edib.
Azərbaycan məktəblərində mövcud olan şəraitdən bəhs edərək nazir qeyd edib ki, ölkədə 654 məktəbin ya təmirə ya da yenidənqurmaya ehtiyacı var.
“Son illərdə qəzalı məktəblərin sayı 30 faizə qədər azalıb. Bu məktəblər arasında iri məktəblərin sayı azdır”,- deyə nazir bildirib.
Nazir onu da qeyd edib ki, bu il işğaldan azad edilən ərazilərdə 6 ümumtəhsil müəssisəsi fəaliyyət göstərəcək, həmin məktəblərdə 780 şagird, 94 müəllimlə fəaliyyətdə olacaq.
Bu məktəblər Zəngilan rayon Ağalı kəndində, Tərtər rayon Talış kəndində, Füzuli şəhərində, Laçın şəhərində və Zabux kəndində, Şuşa şəhərində.
Ali təhsil müəssisələrinə qəbul haqda bəhs edərək nazir bildirib ki, son 10 ildə universitetə tələbə qəbulu 40 faizdən çox artıb.
“Dövlət sifarişi ilə qəbul olanların sayı 2 dəfə artıb. 2026-2027 tədris ilində daha 75 min tələbə qəbulu nəzərdə tutulur”,- deyə nazir əlavə edib.
Nazir bildirib ki, ölkədə yataqxanaların sayı çox azdır və bu çox ciddi məsələdir.
“Bir və ya iki tələbə yataqxanası təmiri, tikintisi nəzərdə tutula bilər. Böyük Qayıdışdan sonra yataqxana mövzusunda daha çox imkanımız ola bilər. Hazırda isə mövcud yataqxanalarımız çox azdır. Yataqxanalarla bağlı vəziyyət elə də yaxşı deyil. Bu çox ciddi məsələdir”,- deyə nazir əlavə edib.
Nazir bildirib ki, Universitetlərdə bəzi ixtisasların müddətinin qısaldılması ola bilər. 4 illik müddət 3 ilə enə bilər.
“Bununla bağlı təhlillərimiz var və artıq modelləşməsini edirik. Universitetlərlə bunu müzakirə edirik. Pilot layihə olaraq növbəti illərdən həyata keçirilə bilər”,- deyə nazir əlavə edib
Müəllimlərin sertifikatlaşmasından və orta aylıq əməkhaqlarından danışaraq nazir qeyd edib ki, 2023-cü ilin sentyabr ayı üçün bu məbləğ 830 manat təşkil edib.
“Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqqılarına əlavələr olunacaq və bu da orta əmək haqqıların artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu”,- deyə nazir əlavə edib.
Növbəti mərhələlərdə 2026-ci ilə qədər 135 min təhsilverən sertifikatlaşdırmaya cəlb olunacaq.
Nazir bildirib ki, bağça müəllimlərin sertifikatlaşdırmasından əvvəl ilk öncə diaqnostik imtahanlar ola bilər.
“Bu mərhələli proses olacaq. Cəmiyyət olaraq başa düşməliyik ki, əgər adamın ixtisası məktəbəqədər təhsil deyilsə, bu sahədə işləməsi heç də yaxşı nəticə verməyəcək. Bağça müəllimlərinə sertifikatlaşdırma imtahanında güzəşt edilməyəcək. Müəllimlərdən də tək tələbimiz uşaqların düzgün öyrədilməsidir. Bundan artıq heç bir istəyimiz yoxdur”,- deyə nazir əlavə edib.