Mərkəzi Bank əhalinin rəqəmsal ödənişlərdə maliyyə savadlılığının artırılması, bu sahədə fəaliyyət göstərəcək yeni peşəkar kadrların hazırlanması, habelə bank əməkdaşlarının və tələbələrin rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri sahəsində bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədi ilə “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik və kurs hazırlanaraq Virtual Təhsil Platformasında yerləşdirilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, kursda ümumilikdə 14 mövzu əhatə edilib. Tədris zamanı rəqəmsal ödəniş ekosisteminin nüvə komponentləri və onların fəaliyyəti, rəqəmsal ödənişlər sahəsində qanunvericilik bazası, tənzimləmə və nəzarət çərçivəsi, müxtəlif ödəniş alətləri, o cümlədən çeklər, birbaşa debetləşmə, ödəniş kartı, elektron pul və onlar vasitəsilə aparılan ödəniş əməliyyatları, ödəniş əməliyyatları üzrə məlumatların emalı ilə bağlı təqdimatlarla tanış olaraq bu sahə ilə bağlı biliklərinizi daha da təkmilləşdirəcəksiniz.
Rəqəmsal ödəniş ekosistemində sıçrayışlı inkişaf tendensiyası və innovasiyaların tətbiqinin genişlənməsi nəzərə alınaraq, rəqəmsal ödənişlərin iqtisadi artıma təsiri və üstünlükləri, elektron bankçılıq xidmətləri və onların növləri, mərkəzi bankların rəqəmsal pulları və onların tətbiqi imkanları, virtual valyutalar və onların tətbiqi, rəqəmsal ödəniş ekosistemində son innovasiyalardan olan sandbox, yəni xüsusi tənzimləmə rejimi, rəqəmsal bankçılıq, habelə rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatları və onlara qarşı mübarizə tədbirləri haqqında bölmələr bu kursa daxil edilmişdir.
Kursa bu link vasitəsilə daxil ola bilərsiniz: https://edu.e-cbar.az/course/preview.php?id=137