Sosial şəbəkələrdə “Rus bölməsində Azərbaycan tarixi hansı dildə tədris olunmalıdır?” mövzusunda sorğu keçirilir.
Sorğunun keçirilməsi səbəbi kimi elm və təhsil naziri Emin Əmrullayevin qərarına əsasən bu il bütün məktəblərdə “Azərbaycan tarixi” fənninin sektorundan asılı olmayaraq sırf Azərbaycan dilində tədris olunacağı ilə bağlı olduğu qeyd olunur.
Düzünü deyim ilk öncə sorğunun mövzusu mənə absurd gəldi, lakin hörmətli nazirimizin qəbul etdiyi qərarın sonucu olaraq keçirildiyi artıq pazlı tamamladı.
Rus bölməsinin “zərəri” ətrafında ildə azından bir dəfə qalmaqallı diskussiyaların təşkili artıq ənənəyə çevrilib, lakin bunun tədris-təhsil prosesinə və proqramlarına bu qədər təsir etməsi artıq bir az təhlükəlidir. İlk növbədə xarici dillərdə tədrisin məhdudlaşdırılması və süni maneələrin yaradılması gənclərimizin yerli və beynəlxalq əmək bazarlarında yer tapmalarına maneə olacaq, daha sonra isə azərbaycanlıların sosial şəbəkələrdə, xarici telekanallarda öz siyasi mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmasında gələcəkdə problemlər yaradacaq.
Misal kimi, bir neçə il öncə Rusiyanın aparıcı telekanallarından birində azərbaycanlı (səhv etmirəmsə) jurnalistin dini mövzuda diskussiyada çıxışını izləyirdim və ilk dəfə idi ki, həmyerlim yerinə çox utandım, çünki bu insan elə bir fikir söylədi ki, onun nəinki öz dinindən, ümumiyyətlə dinlərin tarixindən xəbərsiz olduğu tam çılpaqlığı üzə çıxdı. Eyni insan, daim siyasi diskussiyalarda da iştirak edirdi və əmin deyiləm ki, fərqli bir performans göstərə bilib.
Bu misalı ona görə gətirirəm ki, doğurdanda ziyalı və vətənpərvər Azərbaycanlıların öz tarixləri, mədəniyyətləri, dinləri və özləri haqda bütün dünyaya düzgün məlumat verməsi üçün onların nə qədər mümkündürsə çox xarici dilləri bilmələrinə ehtiyac var.
Eynilə də, bu bilikləri məhz düşündükləri, tədris aldıqları dildə öyrənmələri məqsədə uyğundur ki, materialı tam olaraq anlayıb yadda saxlaya bilsinlər. Əks halda rus, ingilis, fransız dilində dərs keçirilən məktəblərdə Azərbaycan dili necə ötəri tədris olunursa tariximizdə elə tədris olunacaq.
Nəticədə, tarixini bilməyən rusdilli, fransız dilli və ingilis dilli gənclərimiz olacaq və onlar təsadüfi və ya peşə borclarını yerinə yetirdikləri zaman hər hansı bir diskussiyada və ya polemikada iştirak edərkən ya susacaqlar ya da ki, özlərini müdafiə edə bilməyəcəklər, çünki vaxtında bu məlumatları və faktları yetərli səviyyədə öyrənməyiblər, dərin bilikləri yoxdur.
Məhz buna görə də “Azərbaycan tarixi”, “Qələbə tarixi” və “Hərbi hazırlıq” fənlərinin niyə digər sektorlarda Azərbaycan dilində tədris olunması qərarı “NİYƏ?” sualını doğurur.
Fikilərinizi şərhdə yaza bilərsiniz.
Aynur Vəliyeva