Son illər Azərbaycanda qida məhsullarının daşınması və çatdırılması xidmətləri sürətlə inkişaf edir və bu fəaliyyət getdikcə daha da genişlənir. Bu sahə ilə bağlı müvafiq məsələlər 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarəti məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla, qida zəncirinin bütün mərhələlərində həyata keçirilir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bu sahədə çalışan sahibkarlarla görüşdə AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva qeyd edib.
O, qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan sahibkarların işlərini qanunvericiliyə uyğun olaraq, mövcud tələblər çərçivəsində qurmasının vacibliyini də önə çəkib.
Tədbirdə çıxış edən AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov yaxın günlərdə çatdırılma xidməti göstərən əməkdaşlar üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən “qida təhlükəsizliyi tələbləri”nə dair təlimlərin təşkil ediləcəyini bildirib.
Aparat rəhbəri qey edib ki, qanunvericiliyə əsasən, qida məhsullarının daşınması və çatdırılması zamanı aşağıdakı qaydalara riayət edilməlidir:
1. Sanitariya norma və qaydaları
Qida təhlükəsizliyi sahəsində müəyyən olunmuş tələblərə əsasən qida məhsulları xüsusi olaraq bu məqsəd üçün nəzərdə tutulmuş gigiyenik və temperatur tələblərini təmin edən nəqliyyat vasitələrində daşınmalıdır. Termoboksların sanitar vəziyyətinə diqqət yetirilməlidir.
2. Mal qonşuluğu prinsipinə riayət edilməlidir
Nəqliyyat vasitəsində daşınan tez xarab olan qidalar bir-biri ilə uyğun olmalı, yəni qoxusu və xüsusiyyətinə görə bir məhsul digərinə mənfi təsir göstərməməlidir.
3. Temperatur rejiminə əməl olunmalıdır
Tez xarab olan məhsulların soyuq qida zəncirinə, isti məhsulların isə isti rejimə uyğun çatdırılması təmin edilməlidir
4. Qablaşdırmada istifadə edilən materiallar normalara uyğun olmalıdır
Qida məhsulları, növlərinə görə, xüsusi konteynerlərdə və çantalarda daşınmalıdır.
5. Şirkətlər dövlət qeydiyyatına alınmalıdırlar
Qida məhsullarının daşınması fəaliyyəti ilə məşğul olan qida subyektləri və ya onların əməkdaşlıq etdiyi daşınma xidmətləri qida təhlükəsizliyi qeydiyyatına alınmalıdır.