Kasıbçılıqdan çıxmaq üçün nə etməliyik?

Sosial şəbəkələrin birində “Siz kasıbçılıqdan necə çıxdınız?” sualı ilə sorğu keçirilib.

Sorğuda müxtəlif yaşlı insanlar iştirak edib, onların arasında artıq varlanmış insanlar və sadəcə kasıbçılığa vida edib bütün tələbatlarını ödəyə bilənlər olub.

Onların həyat hekayələrini nəzərə alaraq kasıbçılıqdan çıxmağın formulunu yaratmağa cəhd etdik.

Zəhmətkeş və vicdanlı olun

Daim yeni bacarıqlara yiyələnməyə çalışın ki, işsiz galmayasınız. Zəhmətkeş və vicdanlı olmağınız sizə istənilən işin öhdəsindən gəlməyə və işgüzar aləmdə müsbət imic qazanmağa imkan verəcək. Nəticə olaraq insanlar məhz sizinlə işləməyə üstünlük verəcəklər, çünki artıq biləcəklər ki, siz işinizi yüksək səviyyədə, vaxtında və münasib qiymətə yerinə yetirəcəksiniz.

“Bir gün əmim oğlu məni tikinti və s. şirkətlərin bir günlük işçi tutduğu bir agentliyə apardı. Burada işçilər gün ərzində ağır işlərdə çalışıb günün sonunda ofisə qayıdaraq görülən işlərə görə çek alırdılar. İlk iş yerim tikinti oldu. İşlədiyim komanda üzvlərinin əksəriyyəti tənbəl idilər və bu məni qıcıqlandırırdı, çünki var gücümlə çalışırdım. Bəxtimdən müdir gün ərzində bir neçə dəfə nəzarət etmək üçün tikintiyə baş çəkib baş verənləri gördü və məni kənara çəkib dedi: “Sabah agentliyə qayıtmayacaqsan, işə götürülürsən”. O andan etibarən onun üçün çox çalışmaqda davam etdim. Mən fəhləlikdən dülgər şagirdinə qədər yüksəldim. Şirkət tikintidə baş podratçı olduğu üçün orada bir neçə peşə öyrəndim. Oradan başqa şirkətlərə keçdim və yeni peşələr öyrənməyə davam etdim. Bu gün artıq bir neçə peşə sahibiyəm, yaxşı pul qazanıram. Pəncərələr və qapılar, döşəmələr, kərpic və beton işi, alçıpan, gil və lent, kafel, siding və alüminium, nə olursa olsun. Mənim öz yeni mikroavtobusum var, işi yerinə yetirmək üçün lazım ola biləcək ən yaxşı alətlərlə tam təchiz olunmuşam. Mən işimdə mükəmməl və zəhmətkeş olduğum üçün yüksək qiymətləndirilirəm”, – deyə sorğu iştirakçılarından biri öz uğur hekayəsini danışır.

Şansı düzgün dəyərləndirmək

Öncəki qəhrəmanımız komanda üzvlərinin bütün işi ona yüklədiklərinə görə qıcıq olub işi yarıda qoyub gedə bilərdi. Belə halda onun zəhməti yerdə qalacaqdı və daimi işə dəvət almaq şansını itirəcəkdi. O, qəbul olunduğu işdə inkişaf etməyə bilərdi, yeni açılan imkanlardan yararlanmazdı, belə olduqda yüksək kvalifikasiyalı işçi olmayacaqdı. Buna görə də ilk çətinlikdə hər şeyi atıb kiminsə oyunun sıravisinə çevrilməyin, dayanıqlı və məqsədyönlü olun, bütün fürsətləri maksimal şəkildə dəyərləndirin.

Uzaqgörənlik

Bəzən insanlar bir iş yerində illərlə işləyirlər və karyeralarının yeni mərhələyə çıxması astanasında kiçik maaş fərqinə və ya yeni iş yerində gözlənilən bonuslara aldanaraq bu imkanı əldən buraxırlar. Misal üçün, reytinqli universitetin çoxuşaqlı müəllimlərindən biri uzun müddət işlədikdən sonra yeni iş təklifi alır. Ona nisbətən daha yüksək əməkhaqqı təklif edilir sadəcə başqa bir şəhərdə və o razılaşır. Nəticədə o altı ay sonra gözlənilən maaş artımından faydalanmaq imkanını və artıq məktəbi bitirməyə hazırlaşan uşaqlarının həmin reytinqli ali məktəbdə pulsuz oxutdurmaq şansını itirir.

Qənaətli olun, israfa yol verməyin

Bəzən kasıb insanlar nisbətən daha yüksək gəlir əldə etdikdə dərhal daha böyük evə köçürlər, daha bahalı avtomobilə, geyimə və əyləncələrə can atırlar və nəticə olaraq “təhlükəsizlik yastığı” kimi hamımıza lazım olan toxunulmaz ehtiyyat vəsaiti yarada bilmirlər. Beləliklə, onlar varlanmırlar, onlar başqalarını varlandırırlar, işlərini itirdikdə isə yenidən özlərini eyni çuxurda tapırlar.

“Həyat yoldaşım və mən karyeramıza yüksəlməyə davam edirik, lakin xərclərimizi gəlirimizdəki artımın faizi qədər artırırıq. Keçən il həyat yoldaşım 20 min dollar maaş aldı, lakin biz həyat tərzimizi dəyişmədik, sadəcə evin təmizliyinə baxacaq bir xanımı işə qəbul etdik, iki həftədən bir evi təmizləyib 100 dollarını alacaq. Qalan gəlirlərimiz köhnə borcları ödəməyə və ya əmanətlərə gedir. Həyat tərzində bəzi dəyişikliklər etmək yaxşıdır, amma onları gəlir artımından asılı olmayaraq, asanlıqla imtina edə biləcəyiniz şeylərlə hesabına edin. Evdə köməkçi saxlamaq əla bir imkandır, lakin biz bu xərci istənilən vaxt ixtisar edə bilərik. Mən 25 min dollarlıq bir iş əldə edərək, nəhayət, avtomobilinin ötürücü qutusunu düzəltmək üçün pul ödəyə bilərəm, lakin bütün pulumu yeni marka avtomobil aldıqda özümə zərər vermiş olaram”, – deyə digər sorğu iştirakçısı öz uğurlarından danışır.

Özünüzü mükafatlandırın

Lakin qənaətli olmaq, daim kiçik arzularınızdan imtina etmək demək deyil. İmkanınız varsa çoxdandır arzuladığınız o ziyafət donunu və ya dikdaban ayaqqabını almaqdan, artıq çətinlikdə hərəkət edən köhnəlmiş avtomobilinizi yenisi ilə əvəz etməkdən çəkinməyin bu sizin zəhmətlərinizin mükafatı olacaq və gələcək nailiyyətlərə stimul rolunu oynayacaq.

“Həyat olduqca tez ötüb keçir. Heç vaxt imkanınız xaricində təmtəraqla yaşamayın, amma zəhmətinizin bəhrələrindən zövq aldığınızdan əmin olun. Mən çox qənaətcil insanlar tanıyıram ki, maşına, evə, paltara qənaət edib, lakin öldükdən sonra yaxınlarına yüz minlərlə dollar miras qoyublar. Nəticədə qohumlar mirası mərhumların həyatları boyu özlərinə almağa rəva bilmədikləri gözəl əşyaları almağa sərf edirlər. Sonda kimsə sənin zəhmətlə qazandığın pulu xərcləyəcək”, – deyə sorğu iştirakçısı qeyd edib.

Məqsədləri olanlara dəstək olun

Ömrünüzün sonuna qədər pul üçün narahat olmamaq bir nemətdir, amma bəzi insanlar həyatının bu nöqtəsinə çatdıqda, məqsədlərini itirirlər. . . Belə halda nə etməliyik? Həyatımıza rəng qatmaq üçün ehtiyacları və məqsədləri olanlara kömək edə bilərik. İtirməkdən qorxmadığınız sərbəst vəsaitlərinizi ağlabatan layihələrə yönəltməklə siz eyni zamanda yeni məqsəd və gəlir mənbəyi əldə edirsiniz, üstəlik kiminsə kasıbçılıqdan çıxmağına və arzularını reallaşdırmağına dəstək olmaqla xeyriyyəçi imicini qazanırsınız.

Aynur Vəliyeva

Leave a Reply