Dağıntılar altında qalmış zərərçəkmişlərə ilkin yardım necə göstərilir?

Dağıntı zamanı xəsarət almış zərərçəkmiş xilas edilərək təxirəsalınmaz ilkin tibbi yardım necə göstərilməlidir?

TIME Fövqəladə Hallar Nazirliyini (FHN) bununla bağlı maarifləndirici məlumatlarına istinadən bildirir ki, dağıntı zamanı xəsarət almış zərərçəkmişlərdə adətən sınıqlara və qanaxmalara rast gəlinə bilər.

Qanaxmalar zamanı göstərilən ilkin yardım

Boyunun aşağı  hissəsində yuxu arteriyasının qanaxması zamanı ilk yardım
Dərhal yaranı barmağınızla sıxın (yara üzərinə dəsmal və ya hər hansı parça qoyaraq üzərindən barmaqla sixmaq olar). Zərərçəkmişin yaxalığının üzərindən yaranı dəsmal və ya parça ilə sıxın. Sıxılmış yerə bint topası və ya bir neçə dəfə qatlanmış qalın parça qoyun.Qankəsən jqutu və ya əlaltı vasitəni parçanın üzərinə qoyub zərərçəkmişin boynundan və qarşı tərəfdəki qolunun altından keçirib düyünləyin. “Təcili yardım” çağırın və ya zərərçəkmişi təcili olaraq tibb müəssisəsinə çatdırın.

Boyunun yuxarı  hissəsində yuxu arteriyasının qanaxması zamanı ilk yardım

Dərhal yaranı barmağınızla sıxın (yara üzərinə dəsmal və ya hər hansı parça qoyaraq üzərindən barmaqla sixmaq olar). Sıxılmış yerə ya bint topası və ya bir neçə dəfə qatlanmış qalın parça qoyun. 
Zərərçəkmişin qarşı tərəfdəki qolunu qaldırıb başı üzərinə tutun. 
Parçanın üzərindən jqut və ya əlaltı vasitəni qarşı tərəfdəki qaldırılmış qolun üzərindən keçirib düyünləyin.

Bud arteriyasının qanaxması zamanı ilk yardım

 Bud arteriyasının qanaxmasının 2 dəqiqədən artıq davam etməsi zərərçəkmişin ölümünə səbəb olur. Qasıq büküşündən bir qədər aşağıda budun içəri tərəfındə bud arteriyasını yumruğunuzla sıxın. Arteriyan sıxmaqda davam edərək yaradan bir qədər yuxarı bint topası və ya bir neçə dəfə qatlanmış qalın parça (hər hansı cisim) qoyun. Parçanın  üzərindən jqut və ya əlaltı vasitəni bud sümüyünə sarıyın (qalstuk, кəmər, bir neçə dəfə qatlanmış uzunsov parça). Topuq üzərində nəbzi yoxlayın va ya qanaxmanın dayandığına əmin olduqdan sonra əlalti vasitəni düyünləyin. Əlaltı vasitənin altına onun qoyulduğu vaxtın yazıldığı (saat, dəqiqə) kağızı yerləşdirin. 

Yuxarı ətrafın (bazu, said, bilək) kəskin qanaxmaları zamanı ilk yardım

Zərərçəkmişin qısa müddətdə çoxlu miqdarda qan itirməsi onun həyatı üçün təhlükəlidir! əsas yardım qanaxmanın tez və düzgün qaydada dayandırılmasından ibarətdir. Vaxt itirmədən dərhal yara yerindən yuxarı zərərçəkmişin paltarının üzərindən damarı hər hansı əlaltı vasitə ilə sıxın. Bu zaman yaradan aşagıda nəbz hiss olunmamalıdır. Yara üzərinə sarğı qoyun. Əlaltı vasitənin altına onun qoyulduğu vaxt yazılmış kağız yerləşdirin. Qolu ürək səviyyəsində yuxarı tutun. “Təcili yardım” çağırın və ya zərərçəkmişin təcili olaraq tibb müəssisəsinə təxliyəsinə yardım edin.  Нər 30-40 dəqiqədən bir əlaltı vasitəni 20-30 saniyə müddətində açmaq (ondan aşağıda olan dərinin rəngi normallaşana qədər) və sonra yenidən əvvəlki yerindən bir qədər yuxarı və ya aşağıdan bağlamaq lazımdır. Kağız üzərində yazılmiş vaxtı dəyişmək olmaz.

Sınıqlar zamanı göstərilən ilkin yardım

“Təcili yardım” yoldadırsa, sınmış yerə heç nə sarımayın, hərəkət etdirməyin, sabit və tərpənməz qalmasına çalışın. Zərərçəkmiş təxliyə olunacaqsa, ağrını azaltmaq və zədənin fəsadlaşmasının qarşısını almaq üçün sınmış nahiyəni əlaltı vasitələrlə hərəkətsizləşdirin. Sınmış nahiyəni olduğu vəziyyətdə hərəkətsizləşdirin, onu düzəltməyə çalışmayın. Əlaltı vasitələrlə sınmış yerdən yuxarı və aşağı ən azı iki, bud sümüyünün sınığı zamanı isə üç oynağı hərəkətsizləşdirin. Açıq sınıqlar zamanı ilk növbədə qanaxmanı dayandırın, sonra yaranın üzərini təmiz parça ilə örtüb, sınmış yeri hərəkətsizləşdirin. Açıq sınıqlar zamanı sınmış sümükləri yerinə salmaq, yaradan sümük qırıntılarını çıxartmaq olmaz. Zərərçəkmişin təxliyəsi zamanı sınmış nahiyə yardım edən şəxs tərəfindən tutulmalıdır.

Bazu sümüyünün hərəkətsizləşdirilməsi

Zərərçəkmişin  yaralı qolunu dirsəkdən bükərək sinəsinə yaxınlaşdırın. Mümkünsə, qolunu dirsəkdən tutaraq dəstəklənməsini söyləyin. Qolunun altına yumşaq parça (dəsmal) qoyun. 
Sınmış qolu zərərçəkənin boynundan asılmış ləçək və ya üçbucaq şəklində parçadan keçirin. Digər parçanın köməyi ilə qolu döş qəfəsinə sarıyın. 

Said sümüklərinin hərəkətsizləşdirilməsi

Barmaqlar və dirsəyi əhatə edəcək uzunluqda əlaltı vasitəni saidin iç tərəfinə yerləşdirin. Ovucun içinə yumrulanmış hər hansı bir parça qoyun. Əlaltı vasitəni bir neçə yerdən saidə sarıyın. 

Qolu zərərçəkmişin boynundan asılmış ləçək və ya üçbucaq şəkilində parçadan keçirin. Digər parçanın köməyi ilə ətrafı zərərçəkmişin döş qəfəsində sarıyın.

Dirsəyin hərəkətsizləşdirilməsi

Qoltuq altindan barmaq uclarına qədər uzunluqda olan əlaltı vasitəni qolun alt hissəsinə yerləşdirin. Dirsəkdən yuxarı və aşağıdan əlaltı vasitəni qola sarıyın.

Bilək, əldarağı sümüklərinin hərəkətsizləşdirilməsi

Bilək, əldarağı sümüklərinin sınığı zamanı qolu zərərçəkmişin boynundan asılmış üçbucaq şəkilli parçanın içərisindən ( şaldan) keçirin. Əgər əlaltında heç nə yoxdursa, qolu asqıya  almaq üçün sadə üsullarından istifadə edin.  

Barmağın hərəkətsizləşdirilməsi

Sınmış barmağı sağlam barmaqla sarımaqla hərəkətsizləşdirin.  

Yuxarı ətrafların sınıqları zamanı sadə hərəkətsizləşdirmə üsulları

Pencəyin aşağı düymələrini açın. Ətəyini yuxarı qaldırıb yaralı qolun üzərindən keçırın və iri sancaqla pencəyə birləşdirin. Zərərçəkmişə uzunqollu köynək geyinmişsə, qolu dirsəkdən bükün və köynəyin manşetini əks tərəfdə köynəyə və уа реnсəуə sancaqla birləşdirin.  Pencəyin və уа gödəkçənin bir düyməsini açın və yaralı qolun əlini həmin yerdən içəri  yerləşdirin (bilək, əldarağı sümüklərinin sınığı zamanı). Yaralı qolun əlini zərərçəkmişin boynundan asılmış кəmər, qalstuk, şərfdən keçirin (said sümüklərinin sınığına şübhə varsa, bu üsuldan istifadə etməyin). 

Bud sümüyünün hərəkətsizləşdirilməsi

Əlaltı vasitələrdən (taxta, budaq, karton və s.) birini qoltuq altından topuğa qədər, digərini isə ayaqların arasından topuğa qədər yerləşdirin. Əlaltı vasitələrlə ayaq arasında qalan boşluqlara yumşaq parça və ya pambıq yerləşdirin. Əlaltı vasitələrı döş qəfəsi, çanaq, diz, topuq altından bədənə sarıyın. Əgər əl altında bərk bir vasitə(taxta, karton. budaq və s) yoxdursa: Hər iki ayağın arasına yumşaq parça qoyun. Sınmış ayağı bir neçə yerdən sağlam  ayağa sarıyın. Рənсə və topuqları bir-birinə səkkizvari şəkildə sarıyın.

Baldır sümüyünün hərəkətsizləşdirilməsi

Diz və topuğu əhatə edəcək uzunluqda iki ədəd əlaltı vasitəni sınmış ətrafın hər iki tərəfinə qoyun. Əlaltı vasitələri geniş sarğı ilə ətrafa sarıyın. Əgər əl altında bərk bir  vasitə (taxta, karton, budaq və s.) yoxdursa: Hər iki ayağın arasına yumşaq parça qoyun. Pəncə və topuqları səkkizvarı şəkildə sarıyın. Sınmış ayağı bir neçə yerdən sağlam ayağa sarıyın.

Pəncə və topuğun hərəkətsizləşdirilməsi

Pəncəni bir neçə dəfə qatlanmış ədyal və ya yumşaq balınc üzərində yerləşdirin. Balıncı bir neçə yerdən balınca sarıyın. Pəncənin altına hər hansı bir əşya qoyaraq onu bir qədər yuxarı qaldırın.

Leave a Reply