Yük və sərnişindaşıma xidmətlərinin təşkili ilə bağlı mühüm qərarlar qəbul edilib

Azərbaycan Prezidenti İlham Əliyev taksi fəaliyyəti üçün dövlət rüsumlarını və avtomobil ilə yük və sərnişindaşımalar üzrə yeni cərimələrin və ödənişli icazələrin məbləğləri ilə bağlı qərarlar təsdiqləyib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində taksi fəaliyyəti ilə bağlı edilmiş dəyişiklikləri təsdiqləyib.

Taksi fəaliyyəti

Yeni qanunla Azərbaycanda taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsum 3 min manat, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün rüsum 25 manat, Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-muntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 75 manat olacaq.

Sürücünün iş və istirahət rejimi

Azərbaycanda taksi sifarişləri,sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatları informasiya sisteminə ötürməyənlər cərimələnəcək.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunda əksini tapıb.Qanunda qeyd edilib ki, taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər 5 min (beş min) manat məbləğində, hüquqi şəxslər 20 min (iyirmi min) manat məbləğində cərimə ediləcək.

Bununla yanaşı, dövlət başçısı İnzibati Xətalar Məcəlləsində və “Avtomobil nəqliyyatı haqqında” qanunda sərnişin və yük daşınma fəaliyyəti ilə bağlı edilmiş dəyişiklikləri təsdiqləyib.

Sərnişin və yük daşınma qaydalarının pozulmasına görə cərimələr

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunda qeyd edilib ki, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə ediləcək.

– Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə olunacaq.

– Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin və yük daşıma qaydalarını pozmaqla yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə olunacaq.

– Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir

– Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə olmadan müntəzəm sərnişin daşımalarının təşkilinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər isə 1 200 manat məbləğində cərimə ediləcək.

– Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalannın yerinə yetirilməsinə görə 400 manat məbləğində cərimə olunacaq.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Ödənişli “İcazə”lər

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqi haqqında fərmana əsasən avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi üçün sifarişçinin keçirdiyi müsabiqədə daşıyıcıların iştirakına görə ödənişin məbləğini və “İcazə” blanklarının (jurnallarının) verilməsinə görə haqqın məbləği müəyyənləşəcək.

Fərmana əsasən, Nazirlər Kabineti bu məbləğləri altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Leave a Reply