İlhamə Quliyevanın anadan olmasının 80 illiyi tamam olur

Bu gün Xalq artisti İlhamə Quliyevanın anadan olmasının 80 illiyi tamam olur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub.

İlhamə Quliyevanın doğma atası Məzahir Quliyev, ögey atası isə Azərbaycan SSR xalq artisti Həbib Bayramov olub. Anası Azərbaycanın xalq artisti, müğənni  Tükəzban İsmayılova olub.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1965–1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970–1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxil idi. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

İlhamə Quliyevanın filmoqrafiyasına Toyda görüş, Mahnı qanadlarında, Göy göl, Payız melodiyaları, Oxuyan ürəkdir, Adam ol! filmləri daxildir.

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilib.

Leave a Reply