Dünyada 1.88 milyard nəfər, o cümlədən 241 milyon məktəb yaşlı uşaq yod çatışmazlığından əziyyət çəkir. Bu uşaqların 165 milyonu Cənub-şərqi Asiya, 76 milyonu isə Afrika ölkələrində yaşayır. Sutkalıq yod dozası yaşı 6-dək olan uşaqlar üçün 90 mkq, 6-12 yaş arasındakı uşaqlarda 120 mkq, yaşı 13-dən yuxarı olan və yetkin insanlarda 150 mkq təşkil edir. Hamilə və laktasiya dövründə olan qadınlar isə sutkada 250 mkq yod qəbul etməlidirlər. Təəssüf ki, yer kürəsi əhalisinin təxminən 1/3 hissəsi təbii yodun mövcud olmadığı yerlərdə yaşayır.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, yod çatışmazlığına qarşı aparılan ən geniş yayılmış mübarizə strategiyası duzun yodlaşdırılmasıdır ki, hazırda dünyanın 120 ölkəsində bu üsuldan istifadə olunur.
Yod qalxanabənzər vəzinin tiroid hormonunun ifrazı üçün vacib mikroelementlərdən biridir. Belə ki, bu hormonlar orqanizmdə boy artımında, metabolizm proseslərinin inkişafında və tənzimlənməsində iştirak edir.
Zәnginlәşdirilәn qida məhsullarına әsasәn duz, buğda vә qarğıdalı unu, şәkәr, bitki yağları, düyü, süd və süd məhsulları, alkoqolsuz içkilər, hazır xörəklər və s. aiddir. Qida məhsullarını zənginləşdirmək məqsədi ilə vitaminlərdən, K-karotinoid və digər karotinoidlərin su və yağda həll olan preparatlarından, mineral maddə və metallardan, bitki mənşəli çoxfunksiyalı əlavələrdən və digərlərindən istifadə edilir.
Qida məhsullarına mikronutriyentlərin əlavə olunması reseptura və texniki şərtlər əsasında onların qida məhsullarının tərkibində elmi əsaslandırılmış profilaktik normaları müəyyən edilməklə həyata keçirilir.
Bu maddələrin zənginləşdirilmiş qida məhsullarının tərkibindəki miqdarı isə texniki normativ sənədlərdəki normallaşdırılmış miqdarla tənzimlənir.
Un və un məhsulları, eləcə də mayalar yod, B və E vitaminləri, nikotin, fol turşusu, K-karotinoidin suda həll olan preparatları və vitamin-mineral kompleksləri ilə, xörək duzu yodla, süd və süd məhsulları vitamin və mikroelementlərlə, kərə yağı, marqarin və bitki yağları yağda və suda həll olan vitaminlərlə, içməli su bioloji aktiv makro və mikroelementlərlə (yod, flüor, kalsium, maqnezium, hidrokarbonatlar, natrium, kalium, selen), alkoqolsuz içkilər A, C, PP, B qrupu vitaminləri, kalsium, maqnezium, natrium və kalium kimi makroelementlərlə zənginləşdirilir.
Yod çatışmazlığı ilə əlaqəli ən yüksək risk qrupuna daxil olan şəxslər yeniyetmə qadınlar və yeni doğulmuş uşaqlardır. Bu hal yeni doğulmuş uşaqların psixi inkişafında risk yaradır. Ana südü isə 6 aya qədər uşaqlar üçün yeganə yod mənbəyi ola bilər.
Duza qatılan yodun miqdarı sutkalıq istehlak edilən duzun miqdarına uyğun olmalıdır. Duz əsas natrium mənbəyi olsa da, onun normadan artıq istehlakı hipertoniya, ürək-damar sistemi xəstəlikləri və insultla nəticələnə bilər. Natrium istehlakının normadan az olması isə arterial qan təzyiqinin aşağı düşməsi və bununla əlaqəli qeyri-infeksion xəstəliklərin yaranma riskini artırır.
Duz istehlakı ölkələrə və hətta eyni dövlətin inzibati ərazilərinə görə dəyişə bilir. Məsələn, Braziliya əhalisi sutka ərzində 1 qramdan az olmayaraq duz istehlak etdiyi halda, Koreya və Yaponiyada bu göstərici təxminən 20 qramdır. Hazırda ÜST isə sutkalıq natrium istehlakının 2 qramdan az, duz istehlakının 5 qram olmasını tövsiyə edir.
Uşaqlar üçün tövsiyə olunan maksimum qəbul səviyyəsi böyüklərə nisbətən aşağı olmalıdır. Bu, hipertoniyası olan və ya olmayan bütün şəxslərə aiddir və ÜST-nin kalium qəbuluna dair sənədi, eləcə də digər qida təlimatları və tövsiyələri ilə tamamlanmalıdır.
Müxtəlif ölkələrdə aparılan 50 tədqiqatın təhlili göstərib ki, qidaların yod, fol turşusu, A vitamini və dəmirlə zənginləşdirilməsi ciddi xəstəliklərin kəskin azalmasına səbəb olub. Bu baxımdan dünyada hazırda 2 milyard insanın əziyyət çəkdiyi anemiyanın əsasən dәmir çatışmazlığından baş verdiyini nәzәrә alsaq, qida məhsullarının dəmir preparatları ilə zənginləşdirilməsi yolu ilə onun da qarşısını almaq mümkündür. Bu, artıq təcrübədə də təsdiqlənib.
Belə ki, Çindә soya yağına dәmirin әlavә edilməsi anemiya hallarının 1/3 hissəsinin aradan qaldırılması ilə nəticələnib. Çilidә buğda ununa fol turşusu (B9 vitamini) әlavә olunduqdan sonra bir il әrzindә onurğa kanalının tam bitişməməsi hallarına (spina bifida) rast gəlmə tezliyi 51% azalıb. Hindistanın Karnataka ştatında duzun dəmirlə zənginləşdirilməsi 10 ay ərzində məktəblilər arasında anemiya hallarını 16,8%-dən 7,7%-ə qədər azaldıb. Braziliyanın San-Paulu şəhərində A, D vitaminlərindən və dəmirlə zənginləşdirilmiş süddən istifadə nəticəsində anemiya 62,3%-dən 26,4%-ə enib.