Reddit sosial şəbəkəsində “Birinin sizə dediyi ən incidici söz nə olub?” mövzusunda sorğu keçirilib və insanları ən çox hansı yaşlarda, kimlər tərəfindən deyilən və nə kimi sözlərin incitdiyi məlum olub. Qeyd edək ki, söz, üz ifadəsi və tonla insanların incidilməsinə psixoloji zorakılıq deyilir. Bu tip zorakılıq həssas insanların şüuraltısına təsir edir və bəzən gələcək həyatına mənfi təsir göstərir.
TIME Reddit-də keçirilən sorğuya istinadən bildirir ki, insanlar əksər hallarda uşaq, yeniyetmə və gənc yaşlarında ailə üzvləri (əsasən ana və ataları) tərəfindən, yaxın dostları və sevgililəri (həyat yoldaşları) və müəllimləri tərəfindən xarici görünüşləri, əqli və fiziki xüsusiyyətləri ilə bağlı mənfi ifadələrin onların həyatları boyu və ya uzun bir müddət ərzində yadaşlarında qaldığını və özlərini olduqlarından daha zəif, eybəcər və dəyərsiz hiss etməklərinə səbəb olduğunu deyiblər.
Ən incidici sözləri insanlar uşaq yaşlarında valideynləri tərəfindən deyilən “İstirahət sənsiz daha yaxşı olur”, “Əslində mən səni sevməliyəm, lakin sən elə eybəcərsən ki, bunu edə bilmirəm”, “Ananın (atanın, babanın, nənənin və s.) ölümündə sən təqsirkarsan” sözlərini qeyd ediblər.
Onlar müəllimlərin “Sən qız uşağısan riyaziyyat sinfində sənin nə işin var axı?” və digər əqli imkanları xarakterizə edən sözləri qeyd ediblər.
Həyat yoldaşları tərəfindən (əsasən kişiləri incidən) “Sən ağladıqda cazibədarlığını itirirsən”, “Mən sənə xəyanət etmişəm, bura gəlmişəm ki, sənə deyim ki, hamiləyəm”, qadınlar “Mən uşaqlarla münasibətlərimi davam etdirmək istəmirəm”, “Uşağdan azad ol”.
Dostları tərəfindən həyatının çətin məqamında tərk edilən gənclər “Sən mənimlə birgə əylənə bilmirsənsə (kvestdə iştirak etmirsənsə, qəbirstanlığa və ya it parkına və s.) gedə bilmirsənsə) mən səninlə münasibətlərimi davam etdirə bilmərəm” sözləri, sinif yoldaşları tərəfindən “Sən zibil parçasısan çünki fiziki qüsurun var” sözlər olub.
Sosial platformanın digər iştirakçıları isə o sözlərin məhz onları deyənlərin qüsurluluğunun və cılızlığının göstəricisi olduğunu bildiriblər. Qadınlar isə həyat yoldaşlarının onlardan göz yaşlarını gizlətmədikləri gədər onlarla səmimi olmasını çox yüksək dəyərlənirdiklərini yazıblar.
Vaxtı ilə incidilən uşaqlar isə böyüdükdə onları təhgir edən və aşağılayan insanları illər sonra gördükdə onların nə dərəcədə zəif və kiçik olduğunu başa düşdüklərini və artıq o psixoloji maneədən qurtulduqlarını yazıblar.
Psixoloqlar təhsil müəssisələrində müəllim tərəfindən edilən psixoloji zorakılıq faktlarının müxtəlif formalarına rast gəlindiyini qeyd edirlər: şagirdə hədsiz tələblər qoymaq, yaşa uyğun olmayan münasibət göstərmək, şagirdi təhqir etmək və ləyaqətini alçaltmaq, açıq-aşkar mənfi münasibət göstərmək, şagirdin varlığını və dəyərini qəbul etməmək, şəxsin faydasız olduğunu sözlə bildirmək, onun duyğularını və düşüncələrini dəyərsiz saymaq, ələ salmaq, ad qoymaq, təqlid edərək ələ salmaq kimi insanın şəxsiyyətini, etibarını və dəyərini ləkələyəcək davranışlara yol vermək, qorxu yaratmaq və s.
Psixoloji zorakılıq insanlarda, xüsusilədə uşaqlarda çoxlu problemlər yaradır: aqressiya, natamamlıq kompleksi, qeyri-qənaətbəxş olma hissi, stress və s.
Zorakılığın mənbəyini sevmək, sahiblənmək, qorumağın (“Sənin yaxşılığını istədiyim üçün bunu edirəm”, “Səni sevirəm ona görə”) əksinə olaraq, güc və nəzarət etmə istəyi təşkil edir.
Zorakılıq edən insanın yeganə məqsədi qarşısındakına nəzarət etməklə özünü “güclü” hiss etməkdir. Nəzarət etdiyi şəxs onun üçün sadəcə bir “obyekt”dir. Psixoloji zorakılıq insanın “mənlik şüuru”nu, özünə olan hörmətini və sevgisini, özünü düzgün qavramasını ciddi şəkildə təxribata məruz qoyur. Zorakılıq edilən şəxs özünü dəyərsiz və ümidsiz hiss edir. Qorxu və narahatlıq içində getdikcə daha çox özünə qapanmağa başlayır. Bu vəziyyəti müşayiət edən utanc və günahkarlıq duyğuları isə insanın özünü ətrafından təcrid etməsinə, tənhalığa və ümidsizliyə səbəb olur.
Psixoloji zorakılıq insanların təfəkkür, yaddaş, qavrama, diqqət, təxəyyül kimi idrak proseslərinə, həmçinin sosial və əxlaqi dəyərlərinin düzgün formalaşmasına mənfi təsir göstərir.
Belə hallarda psixoloqa müraciət etmək olar və ya hazırda geniş yayılmış Ho’oponopono taktiklərindən istifadə etmək olar. Bu metodun əsasında özünü sevmək, özünü yaxşılaşdırmaq yolu ilə bütün dünyanı yaxşılaşdımaq durur. Ho’oponopono, problemi öz daxilinizdə həll etmə prosesidir. Belə ki, şüurunuzda nə vaxtsa sizi incidən şəxsi canlandırın ona nədən incidiyinizi deyin, sonra ona onu bağışladığınızı deyin və prosesi özünüzə deyəcəyiniz aşağıdakı sözlərlə bitirin:
“Mən səni sevirəm. Mən üzr istəyirəm. Mən təəssüf edirəm. Lütfən, məni bağışla. Təşəkkür edirəm”
İnsanlarla ünsiyyət qurduqda düzgün nitq üslubu və səs tonu seçin, kobud ifadələrdən istifadə etməyin, istehzalı və kinayəli ifadələrdən imtina edin. İnsanların şəxsi fikirlərinə hörmətlə yanaşın, səhvlərə “Səhvlər üzərində öyrənirik” kimi konstruktiv şərhlər verin. İnsanlara qarşı diqqətli olun, isçiniz, həyat yoldaşınız, uşağınız, valideyniniz olmağından asılı olmayaraq, söhbət zamanı göz təması qurmağınız şərtdir. Əmr verməkdən qaçın, daha yaxşısı səbəbi və məqsədi başa salaraq nəyisə etməyi xahiş edin, belə olduqda daha tez məqsədinizə çata bilərsiniz. İnsanlara qaydalar çərçivəsində özünü ifadə azadlığı verin.
Sizi ən çox incidən sözləri şərhlərdə yaza bilərsiniz.