Bakı ətrafı dəmir yol infrastrukturu yenilənəcək

“Azərbaycan Dəmir Yolları” ASC Bakı şəhəri və şəhər ətrafı dəmir yol infrastrukturunun yeniləyəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, gələcək layihələrdə Bakı şəhəri və şəhər ətrafı dəmir yol infrastrukturunun yenilənməsi nəzərdə tutulur. Yenidənqurma işləri ilə bağlı ictimaiyyətə mərhələli şəkildə məlumat veriləcək.

Gələcək planda Keşlə, Dərnəgül, Binəqədi və Güzdək dayanacaqlarının inşası nəzərdə tutulub. Bakı sərnişin — Sabunçu — Sumqayıt xətti üzrə Nərimanov, Keşlə, Koroğlu, Bakıxanov, Sabunçu Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı, Gorədil, Novxanı və Sumqayıt stansiya və dayanacaqları mövcuddur. Gələcəkdə Nərimanov dayanacağında da qatarların dayanması nəzərdə tutulub.

Bakı şəhərinin baş planına əsasən, gələcəkdə Zabrat 2 stansiyasından Maştağa, Albalılıq, Zağulba istiqamətində, Bakıxanov dayanacağından Suraxanı, Qala, Zirə, Hövsan istiqamətində xətlərin yenilənməsi, Yeni Suraxanı — Hava limanı istiqamətində xəttin çəkilməsi planlaşdırılıb.

Bundan əlavə, Bakının Baş planına əsasən 2027-ci ilədək 28 may və Biləcəri stansiyaları arasında 4 yeni dayanacağın (Dərnəgül, Binəqədi Cənub, N.Nərimanov) yaradılması, Lökbatandan 28 maya (Lökbatan, Heybat, Xocahəsən, Biləcəri, Binəqədi, Dərnəgül, Keşlə, N.Nərimanov, 28 may) şəhərətrafı qatarların hərəkəti, 2040-cı ilədək Bakı sərnişin — Keşlə — Dərnəgül — Binəqədi — Binəqədi Şərq — Binəqədi Şimal — Mehdiabad — Fatmayı xəttinin inşası planlaşdırılır.

Qeyd edək ki, bu işlər Abşeron dairəvi dəmir yolu (əvvəlki adı Bakı dairəvi xətti) və ya Bakı şəhərətrafı dəmir yolu — Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli elektrikli dəmiryolu xəttinun yenilənməsi tədbirləri çərçivəsində görüləcək.

2018-ci ildə Bakı şəhərətrafı dəmir yolu xəttinin yenilənməsi məqsədi ilə dövlət büdcəsindən 100 milyon manat vəsait ayrılıb.

Leave a Reply