Bu gündən etibarən yeni parklanma qaydaları qüvvəyə minib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” barədə qərarı artıq qüvvədədir.
Bununla bağlı Baş nazir Əli Əsədov iyunun 25-də qərar imzalayıb. Qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.
“Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq.
Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq.
Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanacaq. Fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayacaqlar.
Avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.