Bu gün Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz zavodu” MMC-də partlayış baş verib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, hadisə nəticəsində müəssisənin əməkdaşlarından Əhmədov Mehman Həsən oğlu vəfat edib, Şəkərova Səbinə Elyas qızı isə əlindən xəsarət alıb. Ona hər iki qolun açıq yarası diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.
Türkiyədə keçirilən “İDEF-2023” Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edən müdafiə sənayesi naziri Mədət Quliyev hadisə ilə əlaqədar Bakıya geri dönüb və Şirvan şəhərinə yollanıb.Müdafiə sənayesi naziri Mədət Quliyev və Nazirliyin səlahiyyətli əməkdaşları, Şirvan şəhərinin prokuroru Kamal Talıbov və İcra Başçısı İlqar Abbasov hadisə yerinə baş çəkiblər və ətraflı məlumat əldə ediblər.
Hazırda MSN, FHN və Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır.