İzləyici marağına səbəb olmuş serialın rejissoru Emil Quliyev ikinci sezonun anonsunu şəxsi Facebook profilində elan edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, o “”Əqrəb mövsümü-2″ hazırlıq prosesi” şərhi ilə çəkilişlərdən paylaşım edib.
Əqrəb mövsümü serialı — 2023-cü ilin yanvarında İctimai TV kanalında yayımlanmış dram, triller və detektiv janrlarında olan Azərbaycan serialı. Serial Ceyhun Hidayətlinin “Əqrəb” romanına əsaslanır. Rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmirdir.
12 hissədən ibarət olan serial bütün şəhəri qorxu və təşviş içində saxlayan sirli seriyalı qatildən bəhs edir. Qatili tapmaq üçün edilən bütün cəhdlər uğursuzluqla nəticələnir.
Nəticədə, qatili tapmaq işi təcrübəli detektivlər Rauf Eyvazov (Azər Aydəmir) və Kənan Orucova (Hikmət Rəhimov) tapşırılır. Hər bir qətl bir mesaj daşıyır və cinayət işini daha da mürəkkəbləşdirir, lakin peşəkar müstəntiq qatili sonda aşkar edir.
Serialın son hissəsində baş qəhrəmanın oğlunu itirməsi ilə bağlı kabusları yer aldığını nəzərə alsaq, ehtimal etmək olar ki, növbəti sezon, istintaqını apardığı işdən öncə onun peşəsindən niyə ayrıldığının və psixoloji sarsıntılarının səbəblərinə həsr ediləcək.