Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən aeroportlarda VİP xidmətlərindən istifadə edəcək şəxslərin siyahısında dəyişiklik edilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, qərara əsasən “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilib:
- 13-cü hissəyə “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirləri,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi,” sözləri əlavə edilsin.
- 45-ci hissəyə “beynəlxalq təşkilatlarda daimi nümayəndələri” sözlərindən sonra “, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfirləri” sözləri əlavə edilsin.
- 48-ci hissədə “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin” sözləri “Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin” sözləri ilə əvəz edilsin və həmin hissədən “və feldyegerləri” sözləri çıxarılsın.