Tibb sektorunda yüksək texnologiyaların tətbiqi prioritetdir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Asiya İnkişaf Bankı (AİB) nümayəndələri arasında görüş keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Ramin Ağayev, Strateji təhlil və inkişaf departamentinin rəhbəri Murad Mirzəyev, AİB-nin missiya lideri Kin V. Çan, AİB DÖST-nin (Dövlət-Özəl Sektor Tərəfdaşlığı) baş məsləhətçisi Aura Abon, beynəlxalq məsləhətçi Mark Moseley və digərləri iştirak ediblər.

İcraçı direktorun müavini Araz Nəsirov qonaqlara TƏBİB-in fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, TƏBİB xəstəxanalarda yeni maliyyələşmə metodunu tətbiq edir, tibb müəssisələrində idarəetmənin optimallaşdırılması, bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması məqsədilə xüsusi proqram həyata keçirir. Bundan başqa, dövlət tibb müəssisələrində effektivliyin artırılması ilə bağlı özəl və dövlət əməkdaşlığı çərçivəsində də mühüm addımlar atılır.

Araz Nəsirov rəqəmsallaşdırılma istiqamətində həyata keçirilən işlərdən də danışıb. O qeyd edib ki, müasir dövrdə tibb sektorunda yüksək texnologiyaların tətbiqi olduqca vacibdir və bu xidmət keyfiyyətinin birbaşa artırılmasına xidmət edir.

AİB-nin Missiya lideri Kin V. Çan ölkəmizlə əlaqələrinin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüslərin və layihələrin icrasının Azərbaycanda sürətli inkişafın dəstəklənməsinə töhfə verəcəyini vurğulayıb.

Görüş zamanı tərəflər 2024-2028-ci illər üçün Azərbaycan Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində hazırlanacaq “Azərbaycan dövlət-özəl tərəfdaşlığı Yol Xəritəsi”, TƏBİB-in növbəti illər üzrə DÖST strategiyası, AİB və TƏBİB arasında DÖST və digər sahələrdə tərəfdaşlıq imkanları ilə bağlı müzakirələr aparıblar.

Leave a Reply