Oqtay Mirqasımovun 80 illik yubileyi münasibəti ilə “Balans” studiyası tərəfindən tam bərpa olunmuş “Şeytan Göz Qabağında” filmi nümayiş olunacaq.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, filmin nümayişi həmçinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının da təşkilatı dəstəyi ilə 10 iyun saat 13:00 “Azərbaycan” kinoteatrında baş tutacaq.
Filmdəki hadisələr bizim günlərdə cərəyan edir. Burada Azərbaycan jurnalistlərinin cəmiyyətimizin inkişafına mane olan mənfi hallara qarşı, mənəvi təmizlik, paklıq, prinsipiallıq uğrunda mübarizəsindən danışılır.
Kino əsərinin qəhrəmanı respublika qəzetinin əməkdaşı Teymurdur (Fəxrəddin Manafov). O, haqq-ədalət naminə əlində hakimiyyət olan adamlara qarşı mübarizəyə atılır. Şantaj, hədə-qorxular, açıq-açığına pul təklif olunması-bütün bu vasitələr işə salınır. Lakin namuslu jurnalisti ələ almaq mümkün olmur.
Filmdə Fəxrəddin Manafov, Larisa Xələfova, Həsən Məmmədov, Rasim Balayev, Hamlet Xanızadə, Yaşar Nuri, Hacı İsmayılov, Radmila Əliyeva kimi aktyorlar çəkiliblər.