Məişət zorakılığı nədir?

Yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə həmin münasibətdə olan şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması məişət zorakılığı hesab edilir.

TIME bildirir ki, Baş Prokurorluq #maarifləndirmə #məişətzorakılığı heşteqi altında “Məişət zorakılığına məruz qalmış şəxs nə etməlidir?” mövzusunda slayd şou yaradıb.

– Məişət zorakılığını törətmiş şəxsin əməli cinayət məsuliyyəti yaradarsa, yəni zərərçəkmişin sağlamlığına zərər vurulması və sair ictimai təhlükəli nəticələrə səbəb olarsa zərərçəkmiş bu barədə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hüquq-mühafizə orqanlarına müraciət etməlidir. 

Məişət zorakılığına məruz qalmış şəxsə qısamüddətli mühafizə orderi kim tərəfindən və hansı halda verilir? 

– Məişət zorakılığına məruz qalmış şəxsə qısamüddətli mühafizə orderi yerli icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda 30 gün müddətinədək verilir. Eyni vaxtda zorkalığı törətmiş şəxsə icra hakimiyyəti orqanı tərəfindən həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilir.


Məişət zorakılığına məruz qalmış şəxsə uzunmüddətli mühafizə orderi kim tərəfindən və hansı halda verilir? 

– Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderi məhkəmə qərarı ilə 30 gündən 180 gün müddətinə verilir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan uzunmüddətli mühafizə orderinin müddəti hesablanır.

Məişət zorakılığına məruz qalmış şəxslər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunan dövlət yardım mərkəzlərinin əsass  faəliyyət istiqamətləri nədən ibarətdir?

– zərər çəkmiş şəxsləri hüquqi və (və ya) tibbi yardımla təmin etmək;

-zərər çəkmiş şəxslərin işlə təmin edilməsinə, yeni peşələrə yiyələnməsinə kömək göstərmək;

-zərər çəkmiş şəxslər üçün psixoloji reabilitasiya və psixoloji korreksiya kursu təşkil etmək;

-zərər çəkmiş şəxslərin sosial müdafiəsi üçün müvafiq sənədlərin hazırlanmasında və ya sosial müavinətlərin alınmasında kömək göstərmək;

-zəruri hallarda yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsləri 3 ay müddətinədək, digər zərərçəkmiş şəxsləri isə 2 ay müddətinədək müvəqqəti sığınacaqla təmin etmək.

Leave a Reply