TKTA-nın sədri CEENQA İdarə Heyətinə üzv seçilib

1-2 iyun tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa Ölkələrinin Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsinin (CEENQA) Baş Assambleyasında Azərbaycanı təmsil edən Ülkər Səttarova təşkilatın İdarə Heyətinə üzv seçilib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri olan Ülkər Səttarovanın namizədliyini səsvermə hüququna malik 25 nəfərdən 19-u dəstəkləyib. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Ülkər Səttarova çıxışında ona göstərilən etimada görə minnətdarlığını bildirib, son illər ölkəmizdə elm, ali təhsil sahəsində həyata keçirilən islahatlar və TKTA tərəfindən icra edilən layihələr barədə iştirakçıları məlumatlandırıb. 

CEENQA Baş Assambleyasında Azərbaycanla yanaşı, Almaniya, Estoniya, Ermənistan, Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Moldova, Sloveniya, Bosniya və Herseqovina, Serbiya, Bolqarıstan, Türkiyə, Ukrayna, Gürcüstan və Qırğızıstanın keyfiyyət təminatı agentliklərinin rəhbərləri, eləcə də Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiya (ENQA), Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestri (EQAR) və Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) nümayəndələri iştirak ediblər. 

Tədbirdə növbəti CEENQA Baş Assambleyasının Bakıda keçirilməsinə dair qərar dəstəklənib. 

Qeyd edək ki, 26 ölkədən 41 agentliyin qoşulduğu təşkilat Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standart və təlimatlara uyğun daxili və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə töhfə verməklə yanaşı, üzv təşkilatlar arasında təcrübə mübadiləsi və müştərək layihələrin həyata keçirilməsini təşviq edir. 

TKTA 2021-ci ilin oktyabr ayından CEENQA-nın tamhüquqlu üzvüdür. 

Leave a Reply