Gələn ilin birinci rübündə Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində “Avro-5” standartlarına uyğun avtomobil benzinin istehsalına başlanılacaq.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
NEZ 1953-cü ildə fəaliyyətə başlayıb və zavod 30 adda məhsul istehsal edir. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ölkənin neft məhsullarına olan tələbatını tam ödəyir. Bugünədək müəssisə tərəfindən 364 mln. ton neft emal edilib. İstehsal edilən məhsulların 10%-i ixrac olunur.
Qeyd edək ki, “Avro-5” ekoloji standart normaları Avropada artıq 2009-cu ildən tətbiq olunmağa başlanılıb və standartın tələbləri bu gün həyati zərurətə çevrilib.
Avro-5 standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü azaldır və yanma məhsullarının (bərk hissəciklər, azot oksidləri, karbonmonoksit, yanmamış karbohidrogenlər) ətraf mühitə tullanmasını kifayət qədər azaldır.