Nəqliyyat vasitələrininin utilizasiyası ilə bağlı qanunvericilikdə dəyişiklər edilir – xüsusi fond yaradılacaq

Azərbaycanda nəqliyyat vasitələrininin utilizasiyası ilə bağlı reyestrdə qeydiyyatdan keçmək tələbləri müəyyən edilir.

TIME Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilən “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, reyestrdə qeydiyyata alınmaq üçün ərizəçidən (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və ya hüquqi şəxs) aşağıdakılar tələb olunur:

  • vergi, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə borcu olmamaq;
  • nəqliyyat vasitələrinin qəbulunu, saxlanılmasını və utilizasiyasını həyata keçirmək üçün mülkiyyətində, yaxud sahibliyində və ya istifadəsində müvafıq ərazilərə malik olmaq;
  • nəqliyyat vasitələrinin, о cümlədən utilizasiya nəticəsində əldə edilən materialların və hissələrin saxlanılması üçün onların zədələnməməsini təmin edən, üzəri dağılmayan və texniki mayeləri sızdırmayan material ilə örtülən (asfalt, beton, gil-beton, polimer beton) sahələrə malik olmaq;
  • təhlükəli tullantıların saxlanılması üçün normativ hüquqi aktiarla nəzərdə tutulan tələblərə cavab verən sahələrə malik olmaq;
  • nəqliyyat vasitələrinin, onların hissələrinin (partlayıcı qabiliyyətli, о cümlədən təhlükəli tullantılara xas olan digər xüsusiyyətlərə malik hissələrin) təhlükəsiz qaydada sökülməsi üçün maddi-texniki bazaya malik olmaq;
  • nəqliyyat vasitələrinin təkrar istifadəyə yararlı hissələrinin yoxlanılması üçün maddi-texniki bazaya malik olmaq.

Bununla yanaşı, Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı ümumi müddəalar müəyyən edilir.

Qanunvericiliyə təklif olunan dəyişikliyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinjn utilizasiyası fonduna utilizasiya haqqı ödənilir.

Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfındən ödənilməsi gömrük orqanları tərəfindən təmin edilir.

Dövlət texniki baxışı üzrə utilizasiya haqqı nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulan müddətlərdə texniki baxışa faktiki təqdim olunan vaxt ödənilir.

Utilizasiya haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən edilir.

Nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini bu Qanunun 14-4-cü və 14-5-ci maddələrində nəzərdə tutulan reyestrdə qeydiyyata alınmış şəxslər (bundan sonra -utilizatorlar) və digər şəxslər həyata keçirə bilər.

Utilizasiyaya verilmiş nəqliyyat vasitələri ilə bağlı bu Qanunun 14-7-ci və 14-8-ci maddələrinin tələbləri nəzərə alınmaqla, utilizatorlar tərəfindən özündə güzəştin məbləğini və birdəfəlik ödənişin həcmini əks etdirən təsdiqedici sənəd verilir.

Utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçirilir.

Yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri təsdiqedici sənəd təhvil verilməklə satın alındıqda nəqliyyat vasitələrinin satıcıları tərəfindən güzəşt tətbiq edilir. Güzəştin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Eyni zamanda, Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılır.

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanunun 14-8-ci maddəsinə əsasən, güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılır.

  • Nəqliyyat vasitələrinin utilizasiyası fondu məqsədli büdcə fondudur və aşağıdakı müstəqil mədaxil mənbələri hesabına maliyyələşir:
  • utilizasiyası haqqı;
  • kreditlər və qrantlar;
  • hüquqi və fiziki şəxslərin könüllü ianələri; beynəlxalq təşkilatların və digər donorların ayırmaları; qanunla qadağan olunmayan digər mənbələr.

Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Leave a Reply