“Mastercard”-ın Azərbaycan üzrə nümayəndəliyinə rəhbərlik etmiş Emil Zeynalov rəsmi olaraq “Mastercard”-ın Azərbaycan üzrə Ölkə Meneceri kimi yeni vəzifəsinin icrasına başlayacaq.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Emil Zeynalov 6 ildən artıqdır ki, “Mastercard”-la birlikdədir və Azərbaycanda biznesin inkişafı və əlaqələrin idarə olunmasında müstəsna rola sahibdir.
“Mastercard”-ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Avşar Gürdal bildirib: “Uğurumuzda Emil Zeynalovun töhfələri əvəzolunmazdır. Onun bazarı dərindən anlaması və güclü liderlik bacarıqları
böyüməmizə təkan verməklə yanaşı Azərbaycanda mövcudluğumuzu gücləndirməkdə də mühüm rol oynayıb. Onu yeni “Mastercard” Azərbaycan üzrə Ölkə Meneceri vəzifəsində görməyə çox şadıq və onunla komandamızın daha böyük nailiyyətlərə imza atacağından tam əminik”.
“”Mastercard” daima bazarda strateji liderliyə və davamlı inkişafa sadiqliyini nümayiş etdirir. Ümid edirəm ki, bu sahədə olan təcrübəm və biliklərim mənə Azərbaycanda innovasiyaların idarə edilməsi, güclü tərəfdaşlıq münasibətlərinin inkişafı və müstəsna ödəniş həllərinin tətbiqində şirkətin səylərinə rəhbərlik etməyə kömək edəcək”, – deyə öz növbəsində Emil Zeynalov qeyd edib.
Qeyd edək ki, Emil Zeynalov öz karyerasına Rusiyada fəaliyyət göstərən Credit Europe Bankında başlayıb. Daha sonra o, Azərbaycanda yerli kommersiya banklarında müxtəlif vəzifələrdə çalışıb.
O, 2016-cı ildən etibarən Azərbaycanda “Mastercard”-ın nümayəndəsi kimi fəaliyyət göstərib.