Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiyasının təşkilatçılığı ilə “2-ci Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb.
TIME bildirir ki, tədbirdə çıxış zamanı ACOA sədri Elvin Balacanov kibertəhlükəsizlik sahəsində maarifləndirməni gücləndirmək məqsədi ilə məktəblərlə əməkdaşlığın genişləndiriləcəyini qeyd edib.
“Məktəblərlə əməkdaşlığin genişləndirilməsi artıq məktəb yaşlarından gənclərimizdə kibertəhlükəsizlik ilə bağlı məlumatlı olmağa imkan yaradacaq”.
Milli Məclisin deputatı, İqtisadi məsələr üzrə komitənin sədri Tahir Mirkişili öz növbəsində hər il dünya iqtisadiyyatının kiberhücumlar nəticəsində 10 trilyon dollar itirdiyi qeyd edib.
“Azərbaycan hər il 11-12 milyard manat itirmək təhlükəsi ilə üz-üzədir. Kiçik və Orta Biznes subyektləri kiberhücumların əsas hədəfidir, çünki məhz bu subyektlər kibertəhdidlərə daha çox açıqdır. Bunun qarşısını almaq üçün dövlət özəl əməkdaşlığı təmin etmək və ölkə iqtisadiyyatını bu cür təhlükələrdən birgə səylərlə qorumaq daha məqsədəuyğundur.”
Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc çıxışında bildirib ki, 300 milyon əhali, 4,5 milyon kv.km coğrafiya, 2 trilyon dollarlıq iqtisadi potensiala malik Türk Dövlətləri Təşkilatinin son Zirvə Sammitində kibertəhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılıb, dünyada “əsrin rəqəmsal savaşına” fəal şəkildə qoşulmağa və lider mövqelərə çıxmağa inam ifadə olunub.
“Bəlli olduğu kimi, əvvəlki əsrlərin müharibələrinə alternativ savaş formalarının meydana çıxması, Big Data, süni intellekt, 5G texnologiyaları, dronlar, vaksinlər, sosial robotlar və s. innovasiyalar rəqəmsal dünya nizamının formalaşmasından xəbər verir. Ötən əsrin sonlarına doğru suverenlik ilk növbədə coğrafi-hərbi mahiyyəti daşıyırdısa, hazırda suverenliyin elmi-texnoloji məzmunu önə çıxıb. Yekdil qənaətə görə, texnoloji asılılıq, keçmiş illərdəki hərbi -siyasi asılılıqdan daha dəhşətli nəticələr verə bilər”.
Deputat qey edib ki, dünya əhalisinin 63%-i, yaxud 5 milyard nəfəri qısa bir dövrdə rəqəmsal əhaliyə çevrilib, yəni internet istifadəçiləridir: “Hər il onların sayı orta hesabla 200 milyon artır. Son illər sürətlə inkişaf edən “süni intellekt” texnologiyaları da kiber təhlükələrə qlobal xarakter verib. Davosda ənənəvi Dünya İqtisadi Forumu ekspertlərinin hazırladığı “Qlobal Təhdidlər”- “Global Threats 2018”- hesabatında: 1.təbii fəlakətlərdən və 2. istiləşmədən sonra-3. kibercinayətlər sivilizasiya üçün ən mühüm təhlükə adlandırılıb. XXI yüzillikdə torpaq, su və hava kimi döyüş əməliyyatlarının aparıldığı 3 ənənəvi məkanlara yeni biri-kiberməkan, kiberfəza – əlavə olunub.
Türkiyənin Müdafiə Sənayəsi Agentliyinin şöbə müdiri Ahmet Bahadır Bülbül tədbirdə çıxış edərkən bildirib ki, olkələrimiz arasında artıq kibertəhdidlərə mübarizə sahəsində sənədlər imzalanıb və tədbirlər görülur.
“Dağlıq Qarabağ müharibəsi zamanı kibertəhlükəsizliyin təmin edilməsinin nə dərəcədə vacib olduğunun şahidi olduq. Türk dövlətlərinin kibertəhlükəsizliyin təmin edilməsi sahəsində məlumat mübadiləsi və birgə fəaliyyət kibertəhdidlərə mübarizədə uğurlu kiberstrateqiyaların yaratmağa dəstək ola bilər. Güclü Kiber Ekosistemin yaradılması üçün isə infrastrukturun yaradılması və təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə mənbələrinin araşdırılmasıda önəmli məsələdir”.
Türkiyənin Rəqəmsal Transformasiya Ofisinin kibertəhlükəsizlik departamentinin rəhbəri Salih Talay forumda çıxış edərkən qeyd edib ki, kibergüc, kibercəsusluq və kiberhücümlar getdikcə daha qısa zamanda və daha rahat şəkildə həyata keçirilir.
“Kritik infrastrukturlar yenilənən hücum üsulları ilə mübarizəyə hər zaman hazır olmur . Yeni nəsil təhlükəsizliyin təmin edilməsi üçün yeni nəsil həllər və texnologiyalar tətbiq edilməlidir. İnsanlar artıq bilməlidirlər ki, sosial mediada qızlı və şəxsi məlumatların paylaşılmaması kiber təhdidlərdən qorunmağın əsas şərtlərindən biridir”.
Qeyd edək ki, Forumun əsas məqsədi kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verə biləcək tərəfdaşlar və peşəkar mütəxəssislərlə birgə müzakirələrin həyata keçirilməsidir.
Forum çərçivəsində “Milli kibertəhlükəsizlik ekosistemi”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin aktual məsələləri”, “Kibertəhlükəsizlik: Türk Dövlətləri Təşkilatı kontekstində”, “Kibertəhlükəsizlik həlləri və startaplar”, “Kibertəhlükəsizlik sahəsində təhsil, insan resursları və maarifləndirmə” adlı panellərdə çıxışlar və müzakirələr həyata keçiriləcəkdir.