BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi və İngiltərənin tanınmış kosmetika brendi olan “The Body Shop” ticarət nişanını Azərbaycanda təmsil edən “AZPHA” MMC arasında əməkdaşlıq sazişi imzalanıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, əldə olunmuş anlaşmaya əsasən, tərəflər Azərbaycanda gender bərabərliyinin, qadın və qızların hüquqlarının təşviqi, gender əsaslı cins seçimi, habelə gender əsaslı zorakılıqla mübarizə istiqamətlərində əməkdaşlıq edəcəklərinə dair razılığa gəlib.
UNFPA Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev əldə olunan yeni əməkdaşlıq
barədə bildirib ki, UNFPA öz mandatına daxil olan fəaliyyətlərin həyata keçirilməsində özəl sektorla yeni əməkdaşlıqların qurulmasında daim maraqlıdır: “Təqdirəlayiqdir ki, tanınmış dünya brendi olan “The Body Shop” Azərbaycanda öz əsas biznes fəaliyyəti ilə yanaşı, həm də korporativ sosial məsuliyyət çərçivəsində cəmiyyətin maraqları naminə bizimlə birgə işləməkdə maraqlıdır. Biz bu marağı yüksək qiymətləndirir və əməkdaşlığımızın uğurlu nəticələr verəcəyinə inanırıq.”
“The Body Shop” ticarət nişanını Azərbaycanda təmsil edən “AZPHA” MMC-nin rəhbəri Ələsgər
Əliyev imzalanmış sənədlə bağlı qeyd edib ki, “The Body Shop” markası öz fəlsəfəsinə uyğun
olaraq gender əsaslı zorakılıq, gender stereotipləri, reproduktiv sağlamlıq məsələləri bağlı
cəmiyyətimizdə həm maarifləndirmə işlərinin görülməsində, həm də müsbət nəticələrin
alınmasında birgə addımlamağa hər zaman hazırdır.
Razılaşmaya əsasən, ilkin olaraq birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək konkret fəaliyyətlərin müəyyən edilərək təcrübə mübadiləsinin aparılması, daha sonra isə müştərək
fəaliyyətlərin icrasına başlanılması gözlənilir.