Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada danışıqların yekunları açlqlanıb

19 may 2023-cü il tarixində Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.


TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazir Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər.

Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.

Nazirlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Nazirlər həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da ayrıca görüşlər keçiriblər.

Nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüş zamanı, Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq əlaqələri, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib və əlaqələrin geniş perspektivlərinin olduğunu bildiriblər. Bununla yanaşı, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Heydər Əliyev İli çərçivəsində yüksək səviyyədə keçirilmiş tədbirlərin xüsusi əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb.

Eyni zamanda, Azərbaycan tərəfi normallaşmanın digər istiqamətləri, belə ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqlarda, eləcə də nəqliyyat-kommunikasiyaların açılması prosesi üzrə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


 

Leave a Reply