28 may – “Müstəqillik Günü” neçə gün qeyd ediləcək?

2023-cü il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən növbəti həftələrdə “Müstəqillik Günü” münasibəti ilə 3 gün qeyri iş günü olacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 2023-cü il üçün iş vaxtı normasında bildirilir ki, 2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 27-29 may tarixləri, altıgünlük iş həftəsində 28-29 may tarixləri istirahət günləridir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2022-ci il tarixli Qərarı ilə 2023-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz.

Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. 2023-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. 2023-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1913 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2023-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1913 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

Qeyd edək ki, hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının “İstehsalat təqvimləri” altbölməsində (https://sosial.gov.az/istehsalat-teqvimi-2023 ) yerləşdirilib.

Leave a Reply