Hər il artıq məktəbin buraxılış imtahanından bir iki il öncə müxtəlif repetitorlarla və ya hazırlıq kurslarında qəbul imtahanlarına hazırlaşan abituriyentlər və onların valideynləri bəlkə də həyatlarında ən böyük həyəcanı yaşayırlar. Təəccüblü deyil, axı onlar həyatlarının ən önəmli qərarlarından birini verərək artıq yetkin insan həyatına ilk addımlarını atırlar. Məhz bu imtahanların nəticəsində onların uğurlu karyera arzuları gerçəkləşəcək. Kimdəsə bu ilk cəhddən alınacaq, kim isə yenidən cəhd edərək məqsədinə çatacaq. Əsas odur ki, ruhdan düşməsinlər və uğurlu gələcəkləri naminə mübarizələrini davam etsinlər, bütün mümkün olan fürsətlərdən istifadə etsinlər ki, məqsədlərinə nail olsunlar.
Aşağıda təqdim etdiyimiz eksklüziv müsahibədə, bu il 15 illik yubileyini qeyd edən “Qlobus” hazırlıq kurslarının təsisçisi və rəhbəri Vüsal Quliyev TIME internet portalına, imtahan öncəsi və imtahandan sonra qrup və ixtisas seçimi, kodlaşdırmanın sirləri, valideynlərin övladları ilə maarifləndirici söhbətlərin önəmi, qəbul qaydalarında baş vermiş dəyişiklər və bir sıra digər önəmli mövzulara toxunur və dəyərli məsləhətlər verir.
Bugünkü müsahibəmizin əsas mövzusu qarşıdan gələn qəbul imtahanlarıdır. İlk öncə bu il qəbul qaydalarına tətbiq edilən dəyişikliklər barədə ətraflı məlumat almaq istərdik.
Builki qəbul qaydalarında, son iki illə müqayisədə, o qədərdə ciddi dəyişiklik yoxdur. I-ci qrup fənlərində kimya, fizika, riyaziyyat ilə bərabər informatika fənidə əlavə olunub. Bu o deməkdir ki, abituriyent kimya ixtisasları ilə bərabər ayrıca informatika ixtisaslarında seçim edə biləcək. Abituriyent yalnız informatikadan hazırlaşsa 9 ixtisas seçmək imkanı olacaq, lakin həm informatika, həmdə kimyadan imtahan versə artıq 15 ixtisas seçmək imkanı olacaq. Bu yaxşı haldır. Ötən il III-cü qrupda ixtisaslar DT və TC alt qruplarına ayrıldı və orda regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasları II qrupdan III qrup TC alt qrupuna köçürüldü. Əslində bu şəkildə ixtisasların bir qrupun daxilində altqruplara ayrılması abituriyentlərin qəbul olma şanslarını artırır. Sadəcə III qrup TC-nin I qrupdakı RK (riyaziyyat/kimya) və Rİ (riyaziyyat/informatika) altqruplarından fərqi ondadır ki, III qrup TC-də blok imtahanının müsabiqə balı 50 baldır, ümumi keçid balı isə 150 baldır. Lakin informatika və kimyada hər iki altqrupda abituriyentin topladığı bal ümumilikdə 200 balı keçməlidir, tək blokda isə 100 balı keçmək lazımdır. Eyni zamanda I qrupda keçid balı 150 baldan yuxarı olan ixtisaslarda var və abituriyentin informatika fənləri üzrə deyil, kimya fənləri üzrə ixtisasları seçmək imkanı var.
Bildiyimizə görə bu il “Qlobus” kurslarının fəaliyyətə başlamasından artıq 15 il ötür. Bu müddət ərzində kurslarınız uğurla inkişaf edib və abituriyentləri cəlb etməkdə davam edir. Qlobus kurslarının özəllikləri nədədir?
Mən həmişə düşünmüşəm ki, bizim kursların digərlərindən fərqi olmalıdır və bunu qarşımda bir vəzifə kimi qoymuşam. “Qlobus” hazırlıq kurslarında 9-cu və 11-ci sinif şagirdlərinin hazırlığına nəzər salsaq görərik ki, qruplardakı şagird sayı digər hazırlıq kurslarının qruplarından fərqli olaraq daha azdır. “Qlobus” hazırlıq kursunun qruplarında 10 nəfərdən artıq şagird olmur. Əvvəllər bu daha az idi, 5-8 şagird, bu il isə 10 nəfərdən çox olmayıb.
Sinifdə 15-20 şagird olduğu halda dərslər artıq hazırlıq formatından çıxır və məktəbdəki dərs kimi olur. Burda zaman məhdudiyyəti var, bu hazırlıqdı, şagirdlərin sualları var, bu məktəb dərsi deyil ki, müəllim təzə dərs keçdi, əvvəlki dərsi soruşdu, azda olsa izahat verdi və bitdi. Lakin qrupda şagird sayının 10 nəfərdən çox olmamağı çox önəmlidir, çünki şagird kursa gəlir ki, ali məktəbə imtahanlara hazırlaşmağa və bir qrupda çox sayda şagirdi hazırlaşdırmaq çətindir. Bizim kursların əsas üstünlüklərindən biridə məhz şagird sayının 10 nəfərdən çox olmamasıdır.
İkinci fərqimiz isə, ondan ibarətdir ki, hər ay müəllimlər şagirdlər haqda hesabat yazırlar və biz şagirdin davamiyyəti, qavrama qabiliyyəti, dərsə münasibəti ilə bağlı məlumatları valideynin nəzərinə çatdırırıq. Bu təcrübəmiz valideynlər tərəfindən də müsbət qarşılanır.
Üçüncü üstünlüyümüz, mənim kursun həm təsisçisi və rəhbəri olmağıma baxmayaraq, daim burda olmağımdı. Şagirdlərlə şəxsən maraqlanıram, tədris prosesinə nəzarət edirəm. Bu niyə vacibdir? Şagirdlər hər ay sınaq imtahanları verirlər və sınaq nəticəsində biz görəndə ki, şagirdin hazırlaşdığı, misal üçün I-ci qrupa uyğun biliyi yoxdur, dərhal valideyni ilə əlaqə saxlayıb, qrupu dəyişməyi tövsiyə edirik və daha az keçid balı olan qruplara yönəldirik. Təbii ki, bu valideynin razılaşması ilə baş verir. İxtisas seçimində şagirdin fərdi potensialı nəzərə alınmalıdır, çünki sonda şagird tələb olunan balı toplaya bilmədikdə və istədiyi ali məktəbə qəbul olmadıqda valideyn bizə irad tuta bilər ki, niyə vaxtında bizə demədiniz ki, istiqaməti dəyişək, kollecə yönəldək ki, təhsildən yayınmasın uşaq. Düşünürəm ki, təhsil mərkəzinin rəhbərinin özünün prosesin içində olması bu səbəbdən müsbət cəhətdir.
Son illər gənclərimiz daha çox xaricdə təhsil almağa üstünlük verirlər, lakin təhsillərini bitirdikdən sonra Azərbaycanda diplomların tanınması ilə bağlı problemlər yaşayırlar. Abituriyentlərə xaricdə təhsil ilə bağlı ali məktəb seçimində hansı tövsiyələr edərdiniz?
Ümumiyyətlə xaricdə təhsil almaq istəyən abituriyentlər iki qrupa ayrılırlar. Birinci qrupa aid olan abituriyentlər məqsədli şəkildə Türkiyədə, Avropada və ya Amerikada təhsil almaq istəyirlər. Belə halda onlar daha çox çalışırlar, SAT, IELTS və ya YOS imtahanlarına hazırlaşırlar. İkinci qrup isə attestatla xaricdə təhsil almaq istəyən abituriyentlərdir. Attestatla təhsil almaq istəyən abituriyentlərin əksəriyyəti Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan kəsilənlərdir və ya məqsədli şəkildə Türkiyədə təhsil almaq istəyən abituriyentlərdir. Qarşısına xaricdə təhsil almaq məqsədi qoyan abituriyentlər daha savadlıdırlar, attestatla xaricdə təhsil almaq istəyən abituriyentlər isə o qədərdə savadlı olmurlar. Gedib qayıdandan sonrada onların diplomlarının təsdiq edilməsi əsasən onların dövlət və ya özəl ali məktəblərində təhsil alması ilə bağlıdır. Əgər tələbə ölkədən asılı olmayaraq həmin ölkənin dövlət təhsil müəssisəsində təhsil alıbsa onun diplomu tanınacaq. Biz xaricdə təhsil almaq üçün abituriyent göndərdikdə valideynlərin arzu və istəklərini dinlədikdən sonra Təhsil Nazirliyinin 146 Qaynar xəttinə müraciət edib universitetin mövcud statusunu dəqiqləşdiririk və valideynə əvvəlcədən diplomun Azərbaycanda tanınması ilə bağlı məlumat veririk. Lakin özəl universitetlərdə təhsil alan tələbələrin diplomlarının təsdiqlənməsində çətinliklər yaranır. Son bir neçə ayda Təhsil Nazirliyi bu sahədə bir neçə dəyişikliklər tətbiq edib, amma istənilən halda dövlət universitetlərinin diplomlarının təsdiqlənməsində heç bir problem yoxdur.
Necə düşünürsünüz, gənclərimizin xaricə axınının əsas səbəbləri nədir və bu prosesin qarşısını almaq lazımdırmı?
İlk öncə burada obyektiv və subyektiv səbəblər var. Birincisi abituriyent özündə çox yüksək potensial görür və dünyada reytinqi yüksək olan universitetlərdə təhsil alsın, ikincisi isə əlacsızlıqdan xaricə üz tutur, burda qəbul ola bilmir və xaricdə təhsil almağa gedir. Bu axının qarşısını necə ala bilərik? Bunun üçün gərək Azərbaycanda attestatla ali məktəblərə qəbul olsun. O zaman abituriyentlər xaricə getməyə bilərlər, çünki xaricdə təhsil almağa gedənlərin əksəriyyəti üçün bu arzulanan deyil, sadəcə burda qəbul oluna bilmirlər deyə xaricə gedirlər. Onların əksəriyyəti oğlanlardır, çünki bu onlar üçün eyni zamanda hərbi xidmətdən möhlətdir. Gənclər düşünürlər ki, hərbi xidmətə getdikdən sonra artıq təhsil ala bilməyəcəklər. Bu o demək deyil ki, onlar hərbi xidmətdən boyun qaçırırlar, sadəcə onlar düşünürlər ki, “vaxtında təhsil aldıq-aldıq, sonra daha gec olacaq” və bu mənada istənilən imkanı dəyərləndirirlər. Belə bir imkan ölkəmizdə olsa, çox yaxşı olar və düşünürəm ki, yaxın illərdə belə bir yenilik tətbiq edilə bilər. Lakin bunun ölkəmizdə necə qarşılanacağı sual altındadır, çünki elə şagirdlər var ki, düşünə bilərlər ki, “hazırlaşmasaq da, attestatla ali təhsil almaq olar” və artıq hazırlığa qeyri-ciddi yanaşarlar.
Qarşıdan gələn yeni hazırlıq ilində “Qlobus”-un abituriyentlərini hansı yeniliklər gözləyir?
Yeni tədris ilində “Siz gəlməyin, biz sizin ünvana gəlirik” şüarı ilə abituriyentlərimizim yaşayış yerinə yaxın olan ərazilərdə bir və ya bir neçə filial açmağı düşünürük. Bu əsas yeniliyimizdir. Zaman və məsafə baxımından bu önəmli məsələdir, çünki şəhərimizdə tıxaclar olur və bu abituriyentlərimizin dərslərdə dəvamiyyətinə mənfi təsir göstərir. Bu il valideynlər ilə daha çox əməkdaşlıq etməyi planlaşdırırıq, çünki gənclərimiz xasiyyətləri fərqlidir, müəllimlərin və hətta valideynlərin tövsiyələrini dinləmək istəmirlər. Biz istəyirik valideynlərə onları maarifləndirməkdə dəstək olaq, ali təhsil almağın üstünlüklərini onlara başa salaq.
Həqiqətən də ali təhsil almağın maddiyətdən daha çox, insanın şəxsiyyət kimi formalaşmasında mühüm rolu var. Ali məktəbə hazırlıq dövrü gənclərin həyatında keçid dövrüdür, bu dövrdə insan tamam başqa xəyallarda, arzularda olur. Məhz buna görə biz ayrı-ayrı valideynlərlə görüşüb mövcud olan problemləri həll edərək birləşib nəticə əldə etməyi düşünürük, çünki biz valideynlərin etibarını doğrultmalıyıq. Valideynlərlə müəllimlər qarşılıqlı olaraq şagirdlərlə maraqlanmalı və vaxtında ölçü götürməlidirlər ki, sonradan uğursuzluqdan qileylənməsilər.
Bəzən abituriyentlər yüksək bal toplayırlar, lakin hər hansı ixtisas üzrə ali təhsil müəssisəsinə daxil ola bilmirlər və bunu kodlaşdırmanın düzgün aparılmadığı ilə bağlayırlar. Kodlaşdırmanın sirlərini açıqlaya bilərsiniz?
Əslində kodlaşdırma elədə sirli bir məsələ deyil, sadəcə ilk növbədə abituriyentin topladığı bala nəzər yetirmək lazımdı, onun arzu və istəklərini nəzərə almaq lazımdı və əsas məsələ hər il əvvəlki ilin keçid balları dərc edilən “Abituriyent” jurnalı №2 çap olunur və tədris ilinin sonunda “Abituriyent” jurnalı №4 çap olunur və jurnalda yeni ixtisas kodları, ödənişlər və plan yerləri haqda məlumat dərc edilir. Burda abituriyentin topladığı bal, əvvəlki ilin keçid balı və plan yerlərinə nəzər yetirmək və ixtisas sıralamasını düzgün etmək lazımdı. Valideynlər özləri kodlaşdırmanı edə bilərlər, yetər ki, düzgün seçim etsinlər. Bəzən abituriyent az bal toplayır, lakin ilk beşlikdə və ya üçlükdə topladığı baldan çox bal tələb edən ixtisaslar yazır. Bu düzgün deyil. Nəzərə almaq olar ki, bu il 30-50 bal aşağı düşsə bilər, amma burada bir-iki ixtisas risk etmək olar, lakin ilk beş və ya yeddi yüksək ballı ixtisas seçmək düzgün deyil.
Daim gənclərlə ünsiyyətə olan bir müəllim kimi, yüksək bal toplayaraq tələbə adı qazanan və ya yetərincə bal toplamayan abituriyentlər arasında müşahidə olunan intihar hallarının səbəbini nədə görürsünüz?
Belə hallar bütün ictimaiyyət üçün çox neqativ bir haldır. Bəzən bu valideynlərdən birinin və ya ikisinin də övladına təzyiq göstərməsi nəticəsində baş verir. Abituriyentin xasiyyəti də bu məsələdə önəmlidir, çünki o sinif yoldaşlarının və ya ətrafındakı digər insanların təsiri altına düşə bilər. Bu vəziyyətdə valideyn öz övladının xasiyyətinə bələd olmalıdır, tədris ili başlayandan etibarən hər zaman ona dəstək olmalıdır, onunla maarifləndirici söhbətlər etməlidir ki, onda imtahan fobiyası olmasın.
Abituriyent bilməlidir ki, qəbul imtahanı ilə proses bitmir, kolleclərə qəbul olmaq imkanı var, attestatla xaricdə təhsil almaq mümkündür, növbəti illərdə yenidən qəbul imtahanlarında iştirak etmək olar. Bu söhbətlər imtahandan sonra deyil, tədris ilinin əvvəlindən mütəmadi olaraq diskussiya formasında aparılmalıdır. O qədər hallar olur ki, məktəbin buraxılış ilində abituriyent ali məktəbə istədiyi ixtisasa qəbul olunmur, sonrakı il isə gözlədiyindən də yaxşı bir ixtisasa qəbul olur, ona görə də ruhdan düşməmək lazımdır.
Bu il qəbul imtahanları ilə bağlı yeni bir məsələ gündəmə gəlib, bu da imtahana ayrılan vaxt ilə bağlıdır. Necə düşünürsünüz abituriyentlərə ayrılan vaxt testləri vaxtında cavablandırmaq üçün yetərlidirmi?
Dövlət İmtahan Mərkəzi 1992-ci ildə yaradılmış Tələbə Qəbulu Dövlət Komissiyasının nəzdində yaradılıb və fəaliyyət göstərdiyi 21 il ərzində imtahana ayrılan vaxt 3 saat olub. Abituriyentin imtahanda vaxt çatışmamağı ilə bağlı problemi sınaq imtahanlarında iştirak etmir deyə yaranır. Bundan başqa, abituriyentin xüsusi keyfiyyətlərinin bu məsələdə böyük önəmi var, çünki elə insan var cəld düşünür və hərəkət edir, eləsi də var ki, astagəldir. Yaxşı olar ki, abituriyentlər hazırlıq kurslarının keçirdiyi sınaqlarda iştirak etsinlər. Ümumiyyətlə sınağın abituriyentin ali məktəbə qəbul olunmasında çox böyük rolu var. Sınaq imtahanında iştirak etmək özü bir mövzudur və bu haqda bir neçə saat danışmaq olar. Abituriyent sınaqda zaman bölgüsünü, kodlaşdırmanı öyrənir, imtahan həyəcanını yaşayır və bununla onu öldürür, abituriyent sınaqda nəyə qadir olduğunu və olmadığını, öz üzərində nə qədər işləməli olduğunu öyrənir. Buna görə də bu prosesi bir neçə dəfə keçmək lazımdır. Sınaqda az iştirak edən abituriyent məhz buna görə imtahanda sualları vaxtında cavablandırmır, çünki düzgün vaxt bölümü edə bilmir.
Bu il abituriyentlərin şikayətlərinin əsas səbəbi testlərdə Azərbaycan bölməsi üçün Azərbaycan dilindən və rus bölməsi üçün rus dilindən verilən mətnlərin böyük olması ilə bağlı olub. Bundan başqa, son illər testlərə açıq suallar və situasiyalar əlavə edilib, hansı ki əlavə vaxt tələb edir. Təəssüf ki, abituriyentlər sınaqlarda iştirakdan yayınırlar, halbuki bir neçə dəfə sınaqda iştirak etsələr imtahanda vaxt bölgüsü məsələsinin öhdəsindən asanlıqla gələcəklər. Valideynlər bununla bağlı övladları ilə maarifləndirici söhbətlər etməlidirlər.
Abituriyentlərə və valideynlərə qəbul imtahanları ərəfəsində tövsiyələriniz nədir?
Mən bizim abituriyentlərə və bütün digər abituriyentlərə və onların valideynlərinə bu il istədikləri ixtisasa qəbul olmağı və tələbə adını qazanmaqlarını arzu edirəm. Onların valideynlərinə səbirli olmağı arzu edirəm, baş verənlərə düzgün yanaşsınlar, hər kəsə aldanmasınlar. Bu gün bir-iki cümlə quran insan adını təhsil eksperti adı qoyur. Mən 15 ildir fərdi qaydada “Qlobus” kurslarının təsisçisi və rəhbəri olmağıma baxmayaraq bu ad mənə məsuliyyətli gəlir, çünki düşünürəm ki, təhsil eksperti müəyyən imtahandan verməlidir və ya xüsusi təlim keçməlidir. Valideynlər nəinki ixtisas seçimini, qrup seçimini düzgün etməlidirlər. Bəzən valideyn istəyir ki, övladı I-ci qrupa hazırlaşsın. Lakin abituriyentin riyazi bilikləri zəifdirsə onu I-ci qrup seçməyi yanlışdır, çünki həm buraxılış imtahanında riyaziyyat var, həmdə qəbulda. Yaxşı olar ki, valideyn övladını hazırlığa yazdırmadan öncə onu mütəxəssis müəllimlə görüşdürüb məsləhətləşsin, o müəllim abituriyentin bu sahə üzrə bilik və bacarıq səviyyəsini yoxlayıb rəyini verdikdən sonra artıq ixtisas qrupu seçimini etsinlər və hazırlığa yazılsınlar. Bizim kurslara yazılan abituriyentlərlə mən 30-40 dəqiqə konsultasiya edirəm ki, onların qrup seçimini nə dərəcədə düzgün etdiyini müəyyən edim və bundan irəli valideynlərə məsləhət edirəm.
Ümumilikdə bütün abituriyentlərə uğurlar arzulayıram, istədikləri, sevdikləri ixtisasa yönəlsinlər, tələbə adını qazanandan sonrada yeni biliklərə sahib olmağa davam etsinlər, çünki müasir dövrdə texnologiyalar inkişaf edir və bu sahədə də biliklərə yiyələnmək, eyni zamanda xarici dillər öyrənmək vacibdir.
Müsahibəyə görə təşəkkür edirəm
Aynur Vəliyeva