Koreya respublikasının Ceoncu şəhərində Asiya bölgəsinin əhəmiyyətli festivallarından biri hesab olunan 24-cü CEONCU Beynəlxalq Film Festivalı keçirilib. Bu il festival “Çərçivədən kənar” (“Beyond the frame”) devizi ilə keçirilib.
TIME bildirir ki, kinofestivalın Network for the Promotion of Asian Cinema (NETPAC) münsiflərinin sədri Aygün Aslanlı koreyalı kinotənqidçilər Kim Hyunq Seok və Çoi Yunla birlikdə dörd gün ərzində Asiya ölkələrində (Çin, Yaponiya, Koreya, İran, Monqolustan və s.) istehsal olunmuş 11 tammetrajlı bədii və sənədli filmə baxdığını deyib.
“Aralarında vizual həlli, dramaturji strukturu və mövzu aktuallığı baxımından seçilən Yaponiya istehsalı “Daş divar” (“Stonewalling; rejissorlar Ji Huang, Ryuji Otsuka) filmini mükafatlandırdıq. Düzü, NETPAC jürisinin nümayiş proqramı bütün vaxtımızı aldığına görə, digər bölmələrdəki filmləri görmək imkanımız olmadı. Baxdığımız filmlərdə isə daha çox klassik narrativə, poetik kino elementlərinə üstünlük verilmişdi. Onların əksəriyyətində hekayələr pandemiya fonunda cərəyan edirdi, lakin bu, sadəcə filmin zamanını göstərən detal deyildi. Müəlliflər pandemiyanı dramaturji strukturda vacib rol oynayan obraza çevirərək psixoloji, iqtisadi fəsadlarını araşdırmağa, dərk etməyə çalışmışdılar”, – deyə o kinematoqrafda müşahidə olunan yeni tendensiyalardan bəhs edib.
Açılış mərasimində festivalın direktorları Min Sungvuk və Jung Junhon deyiblər ki, CEONCU festivalının əsas hədəfi alışılmış çərçivələri dağıdan, yeni vizual həllər, təhkiyə üsulları, yeni obrazlar təklif edən filmlərə meydan açmaqdır.
A. Aslanlının sözlərinə əsasən, festivalın nəzdində azərbaycanlı kinematoqrafçılar üçün də maraqlı olacaq “Jeonju Project” adlı istehsalat-market proqramı var.
“Sözügedən proqram “Jeonju lab”, “Next edition” (“Növbəti variant”), “Work in progress” (“Davam etməkdə olan iş”) adlı bölmələrdən ibarətdir və müstəqil, eksperimental, art-haus film layihələrinin istehsalı və təbliği ilə məşğuldur. Maraqlananlar jeonjufest.kr saytının “Jeonju project” bölməsində proqram haqqında ətraflı məlumat əldə edə bilərlər.”
Kinofestivalla bağlı təəssuratlarını paylaşan A. Aslan Azərbaycan kinematoqrafçılarını Asiya ölkələrinin kinofestivallarına diqqət yetirməyə çağırıb:
“Biz kinofestival deyəndə gözümüzü, əsasən, Avropaya dikirik. Halbuki, Asiya qitəsində də müasir tendensiyaların konyunktura toruna düşməmiş, “üçüncü, beşinci dünya ölkələrinə aid mövzular” kimi bölgülər qoymayan sanballı festivallar var. Filmlərimizi göndərmək üçün festival axtaranda onları da nəzərə alsaq, pis olmazdı.”
CEONCU Festivalı “Beynəlxalq müsabiqə”, “Koreya müsabiqəsi”, “Koreya qısa filmlər müsabiqəsi”, “Ön xətt”, “Genişləndirilmiş kino”, “Dünya kinosu” (əsasən, klassik filmlər nümayiş olunur), “Ustadlar” və s. kimi, müsabiqə və qeyri-müsabiqə də daxil olmaqla on beş bölmədən ibarətdir.
Müsabiqə bölmələrinin hər biri üzrə, ən azı, iki mükafat nəzərdə tutulub və mükafatın kateqoriyasından asılı olaraq 1.000.000 vondan (təxminən, 7.00 dollar) 20.000.000 vona qədər (təxminən, 16.000 dollar) maddi vəsaitlə dəstəklənir.
Bundan əlavə, festivalın sponsorları tərəfindən təsis olunmuş mükafatlar, o cümlədən, NETPAC-ın (Network for the Promotion of Asian Cinema) xüsusi mükafatı təqdim olunur.