Katerin Denev Kann festivalının posterinin siması olacaq

Dünyanın ən böyük kino müsabiqələrindən biri olan Kann Film Festivalı bu il mayın 16-dan 27-dək keçiriləcək. Hər il festivalın proqram və iştirakçıları ilə yanaşı tematikası ilə fərqlənən posterləri də maraq doğurur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 76-cı Kann Film Festivalının posteri üçün təşkilatçılar yenidən məşhur fransız aktrisası Katerin Denevi (Catherine Deneuve) seçiblər. O, ən populyar vaxtlarında da festivalın poster simalarından olub.

Budəfəki ağ-qara poster rejissor Alen Kavalyenin “La Chamade” (“Təlaş”) filminin (1968) çəkiliş meydançasında Cek Qarofalonun çəkdiyi foto əsasında hazırlanıb. Fransuaza Saqanın romanı əsasında çəkilmiş filmdə baş rolu oynamış ünlü aktrisanın bu il 80 yaşı tamam olur. Sonuncu dəfə 2020-ci ildə kinokamera qarşısına çıxan aktrisa “Məndən sonra” filminin çəkilişi zamanı insult keçirib.

Katerin Denev Kann Film Festivalında uzun müddət iştirak edib, 1994-cü ildə Klint İstvudun sədrlik etdiyi münsiflər heyətinin üzvü olub. Bu il isə onun qızı Çiara Mastroianni festivalın aparıcısı olacaq.

76-cı Kann Film Festivalında bir çox kino ulduzları iştirak edəcəklər. “Çiçək ayın qatilləri” filmini festivala gətirən amerikalı rejissor Martin Skorseze, eləcə də aktyorlar Leonardo Di Kaprio, Robert de Niro, Tom Kruz və Harrison Ford onların arasında olacaqlar. Bir qədər əvvəl məişət zorakılığı ittihamları ilə məhkəmə qarşısına çıxan və sonda məhkəməni udan fransız aktyoru Coni Deppin də festivalda olacağı bildirilir. İspan rejissor Pedro Almodovarın yeni qısametrajlı filmi – “Qəribə həyat tərzi”nin dünya premyerası da Kannda olacaq.

Leave a Reply