Füzuli Mərkəzi Parkının ilk layihə görüntüləri paylaşılıb

Füzuli Mərkəzi Parkı – qarabağlıların yeni istirahət məkanı.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yenidən qurulması ilə yanaşı, həmin ərazilərdə ekoloji tarazlığın bərpası, yeni yaşıllıq ərazilərin və parkların salınması istiqamətində də ciddi addımlar atılır.

Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən, orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq 22,47 hektar ərazidə Mərkəzi Parkın salınması nəzərdə tutulur.

Hazırda Qarabağ Dirçəliş Fondunun sifarişi və maliyyə dəstəyi ilə “By Medgalchi” şirkəti tərəfindən Füzuli Mərkəzi Parkının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması həyata keçirilməkdədir.

Park kompleksi şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradan məkana çevrilməklə yanaşı, sağlam və təbii ekoloji mühitin yaranmasına və qorunub saxlanmasına da şərait yaradacaq.

Park sahəsində istirahət zonaları, açıq yaşıllıq sahələri, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, amfiteatr, kafe-restoranlar və s. kimi obyektlərin yaradılması nəzərdə tutulub.

Eyni zamanda parkda ərazinin relyefinə və ekoloji mühitinə uyğun olaraq eldar şamı, şərq çinarı, leylandii, italyan şamı, ağcaqayın, söyüd, zeytun və s. kimi ağac növlərinin, həmçinin müxtəlif dekorativ kolların və çiçəklərin əkilməsi nəzərdə tutulur.

Layihə ilə bağlı daha ətraflı Qarabağ Dirçəliş Fondunun yenilənmiş saytında “Layihələr” (https://qdf.gov.az/…/Fuzuli-Merkezi-Parki/layihe-haqqinda/) altbölməsində tanış ola bilərsiniz.

Xatırladaq ki, bir müddət öncə istifadəçi rahatlığını təmin etmək üçün Qarabağ Dirçəliş Fondunun www.qdf.gov.az ünvanında yerləşən rəsmi internet saytının yeni multifunksional versiyası istifadəyə verilib.

Leave a Reply