Vəzifəli şəxsin qanunsuz əməllərinə dair cinayət işinin istintaqı tamamlanıb

 Cəlilabad rayon Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı tam orta məktəbdə baş vermiş qanunsuzluqlar barədə cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, istintaq zamanı Seymur Cəfərovun qeyd olunan məktəbin direktoru vəzifəsini icra etdiyi 2021-2022-ci illər ərzində xeyli miqdarda dövlət vəsaitini mənimsəməsi və vəzifə səlahiyyətlərindən istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Seymur Cəfərova Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 ( qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilib.

Bununla yanaşı, Zaqatala rayon Uşaq İncəsənət Məktəbində aşkar edilmiş qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Leave a Reply