Prezident İlham Əliyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar” qanunu təsdiqləyib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bununla da “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilib.
Eyni zamanda, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiqlənib.

Təltif edilən şəxslər
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər:
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə;
Azərbaycan Respublikasının dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə;
azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə;
sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə;
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə;
Azərbaycan Respublikasının sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə;
dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda ordenlərdən sonra taxılır.