Dövlət varidatı elan edilən “Bir ailə” filmi nədən bəhs edir?

Bu il “Bir ailə” bədii filminin 80 yaşı tamam olur.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 1943-cü ildə “Bakı kinostudiyası”nda istehsal edilən film II Dünya müharibəsində Azərbaycan neftinin rolu və xalqımızın vətənpərvərliyindən bəhs edir.

Rejissorlar Qriqori Aleksandrov, Mikayıl Mikayılov və Rza Təhmasibin ekranlaşdırdığı “Bir ailə” tammetrajlı bədii filmində rolları Xosrov Məlikov, Mərziyyə Davudova, Hökümə Qurbanova, Lyubov Orlova və başqaları canlandırıblar. Operatorlar Əlisəttar Atakişiyev, Əsgər İsmayılov, rəssam Mirzə Rəfiyevin də daxil olduğu yaradıcı qrupa filmin çəkilişi o vaxtkı ağır durumda çox çətin başa gəlmişdir.

Film Qara Qarayevin kinoda bəstəkarı, Mirzə Babyevin isə aktyor-müğənni kimi  ilk işi idi. Ekran əsəri  vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir.  Filmdə duz-çörəkli Bakıdan, onun faşizm üzərində qələbə üçün hər şeyini qurban verməyə hazır olan çoxmillətli sakinlərindən bəhs edilir. Ssenari müharibədə olan azərbaycanlı tankçı Nacarın bir günlük məzuniyyət zamanı vurulduğu Katya adlı rus qızına məhəbbəti ətrafında qurulub. Katya rolunu Lyubov Orlova, Nacar rolunu isə Xosrov Məlikov ifa edib.

Görkəmli yazıçı və dramaturq  Mir Cəlal Paşayevin yazdığı ssenaridə müharibənin bütün yükünün sadə xalqın üzərinə düşdüyü qabardılmışdı. Müəllif öz çörək payını da Bakıya təxliyə edilmiş rus, ukraynalı, belarus, latış və s. millətlərin nümayəndələri ilə bölüşən Azərbaycan xalqının qonaqpərvərliyindən, fədakarlığından bəhs edirdi. Qeyd edək ki,  bu il həmçinin filmin ssenari müəllifi  Mir Cəlal Paşayevin də 115 yaşı tamam olur.

1 mart 2018-ci ildə Mir Cəlal Paşayevin 110 və Qara Qarayevin 100 illik yubileyləri münasibətilə filmin Nizami Kino Mərkəzində bərpa edilmiş variantının təqdimatı keçirilib.

“Bir ailə” filmi Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib.

Leave a Reply