“Bakcell” şirkəti “Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisidir

“Bakcell” Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə “2023 Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisi olmasına dair müqavilə imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, abunəçilərinə ultra-sürətli internet vasitəsilə ən innovativ xidmətlərdən yararlanmaq imkanı yaradan “Bakcell” bu dəfə yüksək sürətdən zövq alan Formula 1 azarkeşlərini sevindirəcək.

“Azərbaycanın ən sürətli mobil şəbəkəsi olan “Bakcell” Formula 1 təqviminin ən sürətli şəhər treklərindən olan Bakı Şəhər Halqası ilə tərəfdaşlıqdan məmnundur. Əminəm ki, bu tərəfdaşlıq Formula 1, avtoidman və yüksək sürət həvəskarları üçün faydalı və əyləncəli olacaq”, – deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Klaus Müller bildirib.

Tərəfdaşlıq çərçivəsində “Formula 1” yarışlarındakı Azneft tribunası “Bakcell” adlandırılıb. Tribuna ərazisində yerləşən istirahət və əyləncə zonasında azarkeşlər “Bakcell”in ultra-sürətli şəbəkəsini sınaqdan keçirmək, həmçinin, müxtəlif oyun və əyləncələrə qatılmaq imkanı əldə edəcək.

Bundan əlavə, şirkət yarış günlərində “Bakcell” tribunası yaxınlığında yerləşən əyləncə zonasında öz məhsul və xidmətlərini Azərbaycan Qran Prisinin tamaşaçılarına nümayiş etdirəcək.

“Bakcell” şirkəti Formula 1 yarışı zamanı abunəçiləri yüksək keyfiyyətli səs və internet xidməti ilə təmin etmək üçün Bakının mərkəzində, xüsusilə yarışların keçiriləcəyi ərazilərdə mobil şəbəkənin tutumunu yüksək dərəcədə optimallaşdırıb.

Yarış zamanı mobil xidmətlərin istifadəsində yaranacaq iri həcmli trafik tələblərini qarşılamaq üçün Dənizkənarı Bulvar ərazisində əlavə müasir mobil baza stansiyaları quraşdırılıb.

Bundan əlavə, xüsusi təyin edilmiş personal tərəfindən yarış ərazisində 24 saat ərzində
şəbəkəyə və digər texniki məsələlərə nəzarət aparılacaq. Həmçinin, “Bakcell” Məlumat Mərkəzi də 24 saat ərzində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qeyd edək ki, 2019-cu ildə Bakcell “Formula 1 Azərbaycan Qran Prisi”nin ilk rəsmi dəstəkçisi olub.

“NEQSOL Holding”in tərkibinə daxil olan “Bakcell” Azərbaycanda VoLTE və eSIM texnologiyalarını tətbiq edən ilk mobil operatordur. 2023-cü ilin əvvəlində şirkət Bakının seçilmiş ərazilərində 5G-nin sınaq tətbiqini elan edib.

“Bakcell” şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi
tanınıb.

Leave a ReplyCancel reply