Kino Agentliyinin fəaliyyətə başlaması üçün bütün işlər tamamlanıb

Kino agentliyinin yaradılması üçün Mədəniyyət Nazirliyi aidiyyəti qurumlarla birgə lazımi tədbirlər görüb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, kino sənəti yaradıcılıq baxımından intibah dövrünə qədəm qoyub.

“Bütün inkişaf yolu ilə yanaşı bu gün kino sənətinin bir sıra problemləri də var. Bu sahədə köklü dəyişikliklərin edilməsinə zərurət var. Artıq dövlətdən asılılığı azaltmaq və özəl sektorunun diqqətini çəkmək üçün çalışmaq lazımdır”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova tədbirə çıxış edərkən teatr və kino sahəsinin inkişafı naminə dövlət səviyyəsində göstərilən dəstəkdən danışıb.

Ş.Məmmədova bildirib ki, bugünədək Azərbaycan kinosunun, mədəniyyətinin keçdiyi inkişaf yoluna nəzər saldıqda Ulu Öndər Heydər Əliyevin kino sahəsinə, ümumən mədəniyyət və incəsənət adamlarına göstərdiyi diqqət və qayğısı nəzərə çarpır.

“Ulu Öndər Heydər Əliyev kino sənətini çox sevirdi və layiqincə də qiymətləndirirdi. Bu sahədə problemlərin həlli və uğurlu layihələr də məhz onun adı ilə bağlı idi”.

Onun sözlərinə görə, bəzən yayımına icazə verilməyən filmlər olurdu: “Ancaq Ulu Öndərin köməyi ilə həmin filmlər nümayiş olunurdu və sonradan ən populyar ekran işi olurdu. Buna “İstintaq”, “Ad günü” ekran əsərlərini nümunə göstərmək olar. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə kinonun həyatında əsl dönüş yarandı, məhz onun göstərişi ilə taleyini kino ilə bağlamış yaradıcı insanların sosial problemləri ilə bağlı mühüm addımlar atıldı. Və sonda Şəfiqə xanım keçirilən bu Forumun milli kinomuzun inkişafına güclü təkan verəcəyinə ümidvarlığını bildirdi.

Qeyd edək ki, forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Leave a Reply