ABŞ-ın Starlink peyk internet operatoru ölkədən asılı olmayaraq birbaşa smartfon istifadəçilərinə xidmət göstərməyə hazırlaşır.
TIME xarici mətbuata istinadən bildirir ki, İlon Maska aid olan Starlink peyk internet operatoru dünya üzrə yüksəksürətli internet xidmətlərini göstərməkdədir. Lakin bir çox ölkənin rabitə administratorlarının rəsmi olaraq operatora müraciət etmədiyinə görə onun xidmətlərinin əhatə dairəsi o qədərdə geniş deyil.
Nəticə olaraq, Amerikanın Starlink peyk internet operatoru birbaşa smartfonlara qoşulmaqla dünya üzrə əhatə dairəsini genişləndirmək niyyətindədir.
Azərbaycanın mobil internet operatorlarının yerli telekommunikasiya bazarının yeni iştirakçısı ola biləcək “Starlink”in gəlişinə münasibətini öyrənmək üçün sorğu keçirdik.
Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telekom” şirkəti sualı şərh edərək rəsmi olaraq bilirib ki, “Starlink”in peyk internet texnologiyası mobil operatorlarla rəqabət aparmır və ənənəvi və ya mobil rabitənin prinsipcə mövcud olmadığı, əlçatmaz yerlərdə rabitə xidmətləri göstərmək üçün nəzərdə tutulub.
“Nar” öz növbəsində sualı şərh edərək rəsmi olaraq bildirib ki, hazırda “Nar” şəbəkəsi ölkə əhalisinin 99%-ni əhatə edir və müştərilərinə kəsintisiz və yüksəksürətli internet xidmətləri təklif edir. Ölkə boyunca “Nar” mərkəzlərində abunəçilərimizə rahat və asan şəraitdə müştəri xidmətləri göstərilir. “Nar” abunəçilərinə daha da üstün xidmət təqdim etmək və
bazarın tələblərini qarşılamaq üçün istənilən çağırışa hazır olduğunu qeyd edib.

Qeyd edək ki, artıq “Starlink”in rəsmi internet səhifəsində iOS və Android qurğularında peyk internet xidmətlərindən istifadə üçün mobil əlavəni yükləmək olar.
Onuda bilirək ki, “Starlink”in yüksək sürətli internet xidmətlərinin tarifləri geniş kütlə üçün sərfəli sayıla bilməz, məhz buna görədə mobil operatorlarla rəqabət edə bilməz. Lakin əlçatmaz yerlərdə yaşayan və ya işləyən, avtofurqonla səyahət edən istifadəçilər üçün nadir tapıntıdır. Hazırda 50-100 Mbit/s sürətlə internet qoşulmasının aylıq qiyməti 120 dollardan başlayır, qoşulmanı təmin edən xüsusi avadanlığın qiyməti isə 559 dollardan başlayır.
Salvador “Starlink”-ə qoşulan son ölkədir. Beləliklə hazırda opeartorun şəbəkəsinə 50 ölkə qoşulub.
Starlink ahora está disponible en El Salvador → https://t.co/slZbTmZmAt
— SpaceX (@SpaceX) April 12, 2023
Ekvador səlahiyyətliləri yaxın günlərdə Sakit Okeanın Latın Amerikası materikindən təxminən 1000 kilometr qərbdə yerləşən Qalapaqos adalarına Starlink xidmətləri göstərməyə başlayacaqlarını bildiriblər.
Ekvadorun özündə Starlink internet xidmətlərin bu ilin əvvəlindən göstərilməyə başlanılıb.
Ukraynaya müharibə zamanı xeyriyyə fondları, beynəlxalq təşkilatlar və tərəfdaş dövlətlər 40 mindən çox Starlink terminalı idxal ediblər.
Qeyd edək ki, “Starlink” şəbəkəsi dünyanın aparıcı provayderi SpaceX tərəfindən işlənib hazırlanıb, ona məxsusdur və idarə olunur. SpaceX astronavtları Beynəlxalq Kosmik Stansiyaya aparan və geri qaytaran ilk özəl şirkət və orbitə bütövlükdə mülki uçuşu tamamlayan ilk və yeganə şirkətdir. Şirkət təhlükəsiz orbital mühitin saxlanmasına, insanın kosmosa uçuşunun qorunmasına və Yer orbitində və onun hüdudlarından kənarda gələcək missiyalar üçün ekoloji dayanıqlığın təmin edilməsinə sadiq olduğunu bilirir.