“Mən burdayam, ilahi!” filminin təqdimatının vaxtı açıqlanıb

Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün çəkilən “Mən burdayam, ilahi!” tammetrajlı bədii filminin çəkilişləri yekunlaşmaq üzrədir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, müharibədə yaralanan qazinin öz qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib.

1 / 10

“Cineart” şirkətinin istehsalı olacaq filmin çəkilişləri Bakı şəhəri və ətraf qəsəbələrdə aparılıb. Film sentyabr ayında, anım günündən sonra bütün kinoteatrlarda yayımlanacaq. Bu barədə filmin ssenari müəllifi Nicat Dadaşov məlumat verib.

Filmin ssenari müəllifi Nicat Dadaşov, quruluşçu rejissor Qulu Əsgərov, operatoru Vasif Vəlizadə, prodüseri Həsən Axundovdur. Baş rolu istedadlı aktyor Rasim Cəfər canlandırır. Digər rollarda Aygün Əlipənahova, Günay Həsən, Ayşad Məmmədov və Leyli Vəliyeva kimi tanınmış simalar yer alır.

Xatırladaq ki, filmin yaradıcı heyətindən quruluşçu rejissor Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, operator Vasif Vəlizadə, baş rolun ifaçısı Rasim Cəfər Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvləridir.

Qeyd edək ki, filmin yaradıcı heyətinin bundan əvvəl istehsal etdiyi “Hasar” filmi 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında “Ən yaxşı bədii film” nominasiyasına layiq görülüb.

Leave a ReplyCancel reply