Azərbaycan bayrağı Ermənistanda ağırlıqqaldırma üzrə Avropa çempionatı zamanı yandırılıb.
Hadisə çempionatın açılış mərasimində baş verib və növbəti günlərdə Azərbaycan və Türkiyə bayrağlarına hörmətsizlik edilib.
Əsir düşmüş Azərbaycan əsgərlərinə verdikləri işgəncə görüntülərindən sonra, bu hərəkəti ilə Azərbaycanı təbrik və təhqir etmək istəyən Ermənistan ilk öncə mədəni və mənəvi dəyərlərinin səviyyəsini, türk milletlerine qarşı tolerantlığının ibtidai icma quruluşu səviyyəsində olduğunu və siyasi arenada nümayiş etdirdiyi “əzilən və zülm edilən qurban” mövqeyinin nə dərəcədə saxta olduğunu açıq aşkar bütün dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara nümayiş etdi. Eyni zamanda, bu bir daha Ermənistanda güc strukturlarının zəifliyini və ölkənin beynəlxalq səviyyəli tədbirlərin təşkilatının sıfır səviyyəsində olduğunu göstərdi.
İstər-istəməz Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarında erməni idmançılarının iştirakı və onlara olan münasibət yada düşür. Əlbəttə ki, Azərbaycanda da erməni millətinə, Xocalı soyqırımı və azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən vəhşiliklərin qurbanları, onların yaxınları dərin nifrət hissi ilə yaşayan insanlar var, lakin onlar sivil qaydalara, idman etikasına hörmət və riayət etməyi bacardılar.
Azərbaycanlılar ölən yaxınlarının qisasını idman meydanında bayraq yandırmaqla deyil, müharibədə qalib gəlməklə aldı və bu gün artıq sülh qurmaq istiqamətində səylər göstərir. Ermənistan isə əsrlər boyu apardığı haqsız davaya son qoymaq istəmir, istəmir ki, gənc nəsli sülh şəraitində dinc yaşasın, istəmir tarixində yeni təmiz vərəq açıb qonşu ölkələrlə birgə inkişaf etsin, nə ziyan versin, nədə ki, ziyan gorsün…
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu aktı qətiyyətlə pisləyib: “Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bu aktı törətmiş şəxs ilkin olaraq saxlanılsa da, onun sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur. Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırırıq”.
Azərbaycan idmançıları yarışmanı tərk etməklə etirazlarını bildiriblər, lakin yarışmanı davam edən türk idmançıları Cansu Bektaş və Qamze Altun İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medallar qazandılar və Türk bayrağını qaldırdılar.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva türk idmançılarını qalibiyyət ilə bağlı təbrik edib: “Sizin yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırmağınız, İstiqlal Marşını səsləndirməyiniz bütün Azərbaycan xalqını sevindirdi.
Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür.
Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik”.
Nəticə olaraq, Ermənistan etdiyi əməlləri ilə yenədə öz imicinə ziyan vurmuş oldu, dünya ictimaiyyətinin gözü önündə siyasi saxtakarlığını və ikiüzlüyünu təsdiqlədi.
Aynur Vəliyeva