Bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinə start verilib


Aprelin 14-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinin birinci gününə start verilib.

TIME Trend-ə istinadən bildirir ki, yarışların ilk günü gənc və böyükyaşlı gimnastlar halqa və topla fərdi proqramda kvalifikasiyadan keçəcəklər, gənclər komandaları arasında 5 iplə qrup məşqləri üzrə kvalifikasiya, həmçinin böyüklər yaş kateqoriyasında komandaların 5 halqa ilə qrup məşqləri üzrə kvalifikasiya yarışları keçiriləcək.

Qeyd edək ki, yarışlar 14-16 aprel tarixlərində keçiriləcək. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edəcək. Gənc bədii gimnastlarla yanaşı, böyükyaşlı bədii gimnastlar da çıxış edəcəklər.

Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycanda gənclər arasında “AGF Junior Trophy” Beynəlxalq turniri ilk dəfə 2018-ci ildə, daha sonra isə 2019-cu ildə keçirilib. Böyükyaşlı gimnastlarımız üçün turnir həm də 21-23 aprel tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə FIG Dünya Kuboku öncəsi sınaq xarakteri daşıyacaq.

Leave a Reply