Koreya hökuməti ölkəmizə tibbi cihazlar ianə edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi arasında icra olunan “Səhiyyə sektorunun dəstəklənməsi” layihəsi çərçivəsində TƏBİB-in tabeliyindəki Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına tibbi cihazlar ianə edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) maliyyə dəstəyi ilə xəstəxananın Pediatriya şöbəsinə ianə edilən cihazlar (inhalyator, elektron qulaq termometri, qlükometr və s.) uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədini daşıyır.

Təqdimat mərasimində Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, KOICA Azərbaycan Nümayəndəliyinin direktoru Mun Conq Hyun, Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev və TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov Koreya hökumətinə öz təşəkkürünü bildirib: “Koreya hökumətinin ölkəmizdə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunmasına göstərdiyi diqqət təqdirəlayiqdir. İanə edilən avadanlıqlar ambulator və stasionar şəraitdə uşaqlara vaxtında, keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə kömək olacaq”.

Daha sonra KOICA Azərbaycan Nümayəndəliyinin direktoru Mun Conq Hyun çıxış edərək Azərbaycandakı səhiyyə qurumları ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Qeyd olunub ki, layihə çərçivəsində Agentliklə KOICA arasında imzalanmış Anlaşma Memorandumunun məqsədi Azərbaycanda tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etməkdir.

Sonda TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva tibb müəssisələrinin texniki bazasının gücləndirilməsi yönündə göstərilən dəstəyə görə Koreya hökumətinə minnətdarlığını bildirib və səmərəli əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.

Tədbirin ikinci hissəsində Respublika Klinik Xəstəxanasının tibb işçilərinin infeksion xəstəliklərlə bağlı biliklərinin artırılması, bu sahədə Koreya təcrübəsinin öyrənilməsi məqsədilə təlim keçirilib. Təlimdə “Azərbaycanda yoluxucu xəstəliklərin qarşısının alınması” və “Ölkədə infeksion nəzarət və infeksiyaların profilaktikası ilə bağlı həyata keçirilən fəaliyyətlər” mövzularında təqdimatlar edilərək, təcrübə mübadiləsi aparılıb.  

Leave a Reply